Qadın və Uşaqların Problemlərinin Araşdırılması ictimai birliyi Abşeron və Sumqayıtda maarifləndirmə tədbirlərini davam etdirir
Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Tərbiyə nağıldan başlayır” adlı layihə Abşeron rayonu və Sumqayıt şəhərində davam etdirilir. Növbəti tədbir Abşeron rayonu Xırdalan şəhərində yerləşən uşaq bağçasında- “Nebula Academy” erkən inkişaf mərkəzində təşkil olundu. Layihə çərçivəsində müasir yazarların uşaqlara aid əsərlərindən ibarət “Tərbiyə nağıldan başlayır” adlı kitabça tərtib olunaraq çap edilmiş və tədbirdə balaca balalarımıza təqdim olunmuşdur. Layihənin rəhbəri Fəlsəfə üzrə fəlsəfə doktoru Vəsilə Möhsümova , kitabın tərtibatçısı AYB- nin üzvü, Prezident Təqaüdçüsü Sevinc Yunuslu, üz qabığının müəllifi rəssam Şəlalə Məmməd, ekspert isə tanınmış pedaqoq-ekspert Arzu Hüseyndir.
Tədbiri giriş sözü ilə açan Vəsilə Möhsümova bildirdi ki, Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyi 2010-cu ildən yaranaraq dövlət uşaq siyasətinin həyata keçirilməsində fəal iştirakçılardan birinə çevrilmişdir. Bu kontekstdə çox saylı layihələrə imza atmışdır. Layihə barəsində məlumat verən V.Möhsümova bildirmişdir ki, kitabda çağdaş Azərbaycan ədəbiyyatının bir çox dəyərli müəlliflərinin; Elçin Hüseynbəylinin, Sevinc Nuruqızının, Qəşəm Nəcəfzadənin, Naringül Nadirin, Şəfa Vəlinin, Ülviyyə Niyazqızının, Əfsanə Laçının nağılları, hekayələri və şeirləri yer alıb. Sonra ekspert Arzu Hüseyn çıxış edərək bildirib ki, nağıllarımız milli- mənəvi dəyərimizdir. Layihənin məqsədi son dövrlər kəskin şəkildə sanal dünyaya bağlanan, telefon, kompüter aludəçiliyinə doğru gedən, nağıllarımızdan uzaqlaşan balalarımızı yenidən nağıllarımıza, kitablara qaytarmaqdır. Kitabın tərtibatçısı, gənc şair Sevinc Yunuslu kitabçanın uşaqlar üçün əhəmiyyətindən bəhs edir. Sonra “Nebula Academy”in rəhbəri Gülüstan Bağırova belə maraqlı bir nağıl kitabçasının hazırlanmasında əməyi keçən hərkəsə təşəkkürünü bildirərək, “Tərbiyə nağıldan başlayır” adlı bu kitabçanın bütün uşaqların sevimli nağıl kitabına çevriləcəyini bildirib.
Sonda kitabda nağıl və şerləri yer alan tanınmış müəlliflər; Qəşəm Nəcəfzadə, Narıngül Nadir, Ülviyyə Niyazqızı çıxış etmiş, uşaqlara hədiyyə olunan “Tərbiyə nağıldan başlayır” adlı kitabçaları imzalamışdılar. Tədbirdə uşaqların kitabçada əks olunan nağıllar əsasında hazırladıqları səhnəciklrlə davam etmişdir.






















