image-dbb1e00283375dacbackend

Texnoloji nailiyyətlərin arxasında da insan zəkası dayanır – Deputat

image-ads-728x90

Dünya sivilizasiyası növbəti təkamül mərhələsindən keçir. Bu proses, bir tərəfdən, elmi və texnoloji sıçrayışı təcəssüm etdirir, digər tərəfdən isə cəmiyyətlərin həyatına yeni çağırış və sınaqlar gətirir. Həmin sınaqların dağıdıcılığa və tənəzzülə deyil, tərəqqiyə və quruculuğa, sülhə və rifaha xidmət etməsi sonda yenə də insan amilindən asılıdır.

Kibertəhlükəsizlik, süni intellekt və rəqəmsallaşma kimi çağırışlar, inkişaf səviyyəsindən asılı olmayaraq, istənilən dövləti seçim qarşısında qoyur: ya yeni çağırışların gətirdiyi texnoloji imkanlardan istifadə edib onları ölkənin rifahına və təhlükəsizliyinə yönəldə biləcəksən, ya da xarici faktorlardan asılı vəziyyətə düşüb tədricən subyektliyini və suverenliyini itirəcəksən. İyunun 29-da Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Birinci vitse-prezidentin səsləndirdiyi açıqlama həm də bu baxımdan olduqca əhəmiyyətlidir: “Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir. Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur. Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır”.

 

Elə buna görə də rəqəmsal suverenliyin qorunması, süni intellekt, innovasiya ekosisteminin inkişafı və kibertəhlükəsizlik öz əhəmiyyətinə – fayda və risklərinə görə, bütün ölkələr üçün milli təhlükəsizlik konsepsiyasının mühüm tərkib hissəsinə çevrilir. Qlobal çağırışların ictimai münasibətlərə gətirdiyi yeniliklərin hüquqi müstəvidə tənzimlənməsi və bu sahədə vahid dövlət siyasətinin yürüdülməsi həm də bu səbəbdən olduqca vacibdir.

 

Prezident İlham Əliyevin sədrliyi ilə fevralın 11-də keçirilən xüsusi müşavirənin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” ilə bağlı fəaliyyət planına həsr olunması, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın qəbul edilməsi və Birinci vitse-prezidentin rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması vahid məqsədə xidmət edir: rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet hədəflərə, o cümlədən, milli texnoloji potensialın və rəqəmsal suverenliyin möhkəmləndirilməsinə nail olmaq.

 

Mehriban xanım Əliyevanın Rəqəmsal İnkişaf Şurasının ilk iclasında səsləndirdiyi növbəti açıqlama əyani şəkildə göstərir ki, nəzərdə tutulan tədbirlər və qəbul edilən Proqramlar olduqca mürəkkəb olan geosiyasi şəraitdə dövlət və milli maraqlarımızın qorunmasına xidmət edir: “Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır”.

Heç şübhəsiz ki, süni intellekt, rəqəmsallaşma və bütövlükdə innovativ texnologiyalar sahəsində əhəmiyyətli uğur qazanan ölkələr iqtisadi və siyasi müstəqilliklərini daha etibarlı şəkildə qoruya bilir. Eyni zamanda, bu, təhlükəsizlik və suverenlik məsələsi ilə birbaşa bağlıdır. Bununla yanaşı, unutmamalıyıq ki, süni intellektin imkanları nə qədər geniş olursa-olsun, o, insan faktorunu tam mənada əvəz edə bilməz. Çünki texnoloji nailiyyətlərin arxasında yenə də insan zəkası dayanır.

Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” ilə bağlı fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi açıqlama istənilən cəmiyyətin bu amilə xüsusi diqqət yetirməli olduğunu bir daha təsdiq edir: “Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir”.

Dünya sivilizasiyasının hazırkı inkişaf mərhələsində tərəqqi və rifah, sülh və əmin-amanlıq texnoloji çağırışları faydalı fürsətə çevirmək bacarığı ilə birbaşa bağlıdır. Azərbaycanın dövlət siyasəti və nəzərdə tutulan tədbirlər bu strateji vəzifənin uğurla yerinə yetirilməsinə xidmət edir.

Ülvi Quliyev,

Milli Məclisin deputatı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki