image-1backend

Tiryək imperatorluğunun çöküşü – Əfqanıstanda narkotik qadağası Azərbaycana necə təsir edir?

image-ads-728x90

ABŞ-nin 20 illik hərbi iştirakı dövründə milyardlarla dollar xərclənməsinə baxmayaraq qarşısı alına bilməyən Əfqanıstan narkosektoru Taliban hakimiyyətinin tətbiq etdiyi sərt qadağalarla tarixinin ən kəskin düşüşünü yaşayır. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) son hesabatları qlobal narkobiznes xəritəsində köklü dəyişikliklərin baş verdiyini təsdiqləyir.

İllərlə “dünyanın tiryək anbarı” hesab olunan bir ölkədə istehsalın bu dərəcədə çökməsi qlobal tədarük zəncirinə ciddi zərbə vurub. Lakin bu, narkotik təhlükəsinin tamamilə yoxa çıxması deməkdirmi, yoxsa təhlükə sadəcə forma və istiqamətini dəyişir?

2001-2021-ci illərdə ABŞ və NATO qüvvələrinin Əfqanıstanda olduğu 20 il ərzində Vaşinqton narkotiklə mübarizəyə 9 milyard dollardan çox vəsait ayırmışdı. Lakin Qərbin dəstəklədiyi Kabil hökuməti dövründə korrupsiya, yerli hərbi feodalların təsiri və kəndlilərin alternativ gəlir mənbəyinin olmaması səbəbindən xaşxaş əkinləri rekord həddə çatmışdı. Əfqanıstan təkbaşına dünyadakı qanunsuz tiryəkin 80-90 faizdən çoxunu, Avropa bazarındakı heroinin isə 95 faizini təmin edirdi. Narkotik ticarəti həm də Taliban üçün mühüm maliyyə mənbəyi idi. 2021-ci ilin avqustunda xarici qoşunların çəkilməsi və Talibanın hakimiyyəti tam ələ keçirməsindən sonra mənzərə kəskin dəyişdi. Talibanın ali lideri Heybətullah Axundzadənin 2022-ci ilin aprelində imzaladığı fərmanla xaşxaş əkini, emalı, nəqli və satışı tamamilə qadağan edildi.

Kabil rejiminin inzibati tənbeh və sərt fiziki təzyiq tədbirləri nəticəsində 232 min hektardan çox olan xaşxaş sahələri cəmi 2 il ərzində 10-12 min hektar səviyyəsinə qədər endirildi. Əkinlərin məhv edilməsi qlobal bazara zərbə vursa da, ölkə daxilində ciddi sosial böhrana yol açdı. Milyonlarla əfqan kəndlisi əsas gəlir mənbəyindən məhrum oldu. BMT xəbərdarlıq edir ki, alternativi olmayan və quraqlıqdan əziyyət çəkən fermerlərin iqtisadi sıxıntıları davam edərsə, bu proses gələcəkdə dayanıqlı olmaya bilər. Əfqanıstanda ənənəvi tiryək və heroin istehsalının kəskin düşməsi beynəlxalq bazarlarda “qiymət şoku” yaradıb. Əfqan mənşəli heroinin əsas istehlakçısı olan Avropa və Yaxın Şərq ölkələrində təklif azaldıqca, mütəşəkkil cinayətkar qruplar əsasən sintetik narkotiklərin istehsalına yönəlirlər. Sintetik narkotiklər kənd təsərrüfatından, mövsümdən və ya su resurslarından asılı deyil. Xüsusilə metamfetamin sürətlə ənənəvi bitki mənşəli narkotikləri əvəzləyir. Əfqanıstanın özündə və qonşu ölkələrdə tutulan metamfetamin laboratoriyalarının və məhsullarının həcmi son illərdə dəfələrlə artıb. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə görə, qadağadan əvvəl toplanmış köhnə tiryək ehtiyatları artıq tükənmək üzrədir. Bu isə qlobal bazarda daha təhlükəli və ucuz sintetik opioidlərin payını artırır.

Azərbaycan uzun illər Əfqanıstandan İran vasitəsilə Avropaya və Qara dəniz hövzəsinə daşınan tranzit xəttinin – “Cənub-Balkan marşrutu”nun üzərində yerləşən riskli zona hesab olunub. Əfqanıstandakı dəyişikliklər Azərbaycanın həm tranzit, həm də daxili təhlükəsizlik mənzərəsinə birbaşa təsir göstərir. Əfqanıstanda tiryək hasilatının minimuma enməsi Azərbaycandan keçməyə cəhd edilən klassik heroin və tiryək qaqaşmalçılığının həcmində nəzərəçarpan azalmaya səbəb olur. Sərhəd xidmətlərinin və hüquq-mühafizə orqanlarının həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində ölkə sərhədlərindən böyük partiyalarda bitki mənşəli narkotiklərin tranziti riski səngiyib.

Tiryək axınının zəifləməsi fonunda ən böyük təhdid İran sərhədindən ölkəyə qanunsuz yollarla gətirilən metamfetamin – xalq arasında “şüşə” və ya “patı” kimi tanınan və müxtəlif psixotrop həblərin payının artmasıdır. Qanunsuz şəraitdə hazırlanan sintetik narkotiklərin maya dəyərinin ucuz olması, asan daşınması və insan orqanizmində sürətli asılılıq yaratması daxili bazarda ciddi sosial problemə çevrilir. Yəni, təhlükə miqdarca azalmış kimi görünsə də, keyfiyyət və dağıdıcılıq baxımından daha kəskin xarakter alıb.

Azərbaycan hökumətinin son illərdə Cənub sərhədlərində infrastrukturun yenilənməsi, dron və texniki izləmə sistemlərinin tətbiqi, eləcə də gömrük-sərhəd nəzarətinin gücləndirilməsi tranzit riskini əhəmiyyətli dərəcədə endirib. Narkotik biznesinin formalaşdırdığı yeni “sintetik təhlükə”ni önləmək üçün fiziki sərhəd mühafizəsi kifayət deyil. Kiber-cinayətkarlıq və qanunsuz psixotrop maddə dövriyyəsinə qarşı daha çevik əməliyyat-axtarış tədbirləri tələb edir.

Əfqanıstanda tiryək əkinlərinin kəskin azalması qlobal miqyasda böyük bir təhlükəsizlik uğuru kimi görünsə də, narkotik alverçilərinin sintetik laboratoriyalara üz tutması yeni bir təhlükə dalğası yaradıb. Azərbaycan üçün bu proses klassik heroin tranzitinin zəifləməsi ilə müsbət qiymətləndirilsə də, sintetik maddələrin cəmiyyətə, xüsusilə gənclərə nüfuz etməsi riski hələ də yüksək olaraq qalır.

Arzu Nağıyev: Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq  təhlükəsizlik sahəsində də strateji xarakter daşıyır VİDEO - AZƏRTAC

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev Əfqanıstandakı yeni narkoreallıqlar və bunun Azərbaycana təsirləri ilə bağlı Müsavat.com-a özəl şərh verib. Bildirib ki, Əfqanıstanda tiryək hasilatının kəskin şəkildə düşməsi klassik narkotik marşrutlarına ciddi təsir göstərib, lakin bu, təhlükəsizlik risklərini tam aradan qaldırmayıb: “ABŞ və NATO qüvvələrinin Əfqanıstanda olduğu 20 il ərzində narkotik istehsalına qarşı mübarizə deklarativ xarakter daşıyırdı və praktiki nəticə vermirdi. Talibanın hakimiyyətə gəlişindən sonra tətbiq edilən sərt qadağalar həqiqətən də tiryək və heroin istehsalını minimuma endirdi. Lakin nəzərə almaq lazımdır ki, narkobiznes şəbəkələri çox çevikdir. Tiryək əkinləri azaldıqca laboratoriya şəraitində hazırlanan sintetik narkotiklərin – xüsusilə metamfetaminin istehsalı kəskin şəkildə artıb”.

Arzu Nağıyev vurğulayıb ki, Əfqanıstanda və region ölkələrində formalaşan bu yeni tendensiya beynəlxalq narkotik marşrutlarının xarakterini də dəyişdirib: “Əgər əvvəllər əsas təhdid Əfqanıstan-İran-Azərbaycan-Avropa marşrutu üzrə tonla ölçülən heroin və tiryək tranziti idisə, hazırda əsas problem sintetik maddələr və psixotrop həblərdir. Sintetik narkotiklərin hazırlanması üçün torpaq və ya hava şəraiti tələb olunmur, bu da onların gizli laboratoriyalarda kütləvi istehsalına şərait yaradır”.

Təhlükəsizlik ekspertinin sözlərinə görə, Azərbaycanın hüquq-mühafizə orqanları və Sərhəd Xidməti regionda dəyişən bu dinamikanı dəqiqliklə izləyir və adekvat addımlar atır: “Əfqanıstanda tiryək ehtiyatlarının tükənməsi ilə əlaqədar olaraq Azərbaycandan keçməyə cəhd edilən iri həcmli heroin partiyalarının sayında azalma müşahidə olunur. Əsas təhdid cənub sərhədlərindən ölkəyə daxil edilməyə cəhd olunan metamfetamin və digər psixotrop maddələrlə bağlıdır. Bu maddələrin ucuz olması və tez asılılıq yaratması daxili təhlükəsizlik baxımından prioritet mübarizə istiqamətinə çevrilib”.

Arzu Nağıyev qeyd edib ki, Azərbaycan cənub sərhədlərində modern texnoloji nəzarət sistemləri, dronlar və termal kameralar tətbiq edərək tranzit risklərini minimuma endirib. Eyni zamanda, daxildə kiber-cinayətkarlıq və onlayn narkotik satışı şəbəkələrinə qarşı çevik əməliyyatlar həyata keçirilir: “Əfqanıstanda tiryək istehsalının dayandırılması qlobal səviyyədə müsbət göstəricidir. Amma transmilli cinayətkar qrupların sintetik laboratoriyalara keçidi yeni və daha təhlükəli bir mərhələnin başlanğıcıdır. Azərbaycan hüquq-mühafizə orqanları təhdidin formasının dəyişməsinə hazır vəziyyətdədir. Bu prosesdə təkcə sərhəd nəzarəti deyil, cəmiyyətin maarifləndirilməsi və gənclərin sintetik təhlükədən qorunması istiqamətində kompleks mübarizə həlledici rol oynayır”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki