“Türkiyənin Ermənistanla birbaşa ticarət əlaqələrinin başlanması region üçün mühüm irəliləyiş hesab oluna bilər.”- bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Onun sözlərinə görə, Türkiyə tərəfi artıq bu istiqamətdə texniki məsələləri həll edib. Politoloq qeyd edib ki, Türkiyənin Ermənistanla birbaşa ticarət əlaqələrinə başlaması Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır:
“Artıq Ermənistanda anlayırlar ki, çıxış yolları və iqtisadiyyatın dirçəldilməsi Türkiyə və Azərbaycandan keçir. Bu gün Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçelinin səsləndirdiyi açıqlama da onu deməyə əsas verir ki, rəsmi İrəvanla aparılan danışıqlar müəyyən nəticə verib.”
Arzuman Muradlı əlavə edib ki, bu yaxınlaşma regionda sülh prosesinə də müsbət təsir göstərə bilər:
“Bu addım sülh müqaviləsinin imzalanması baxımından da əhəmiyyətlidir. Türkiyə bizim üçün qardaş ölkədir və bu əlaqələrin genişləndirilməsi Türkiyə–Ermənistan–Azərbaycan münasibətlərini daha da gücləndirəcək. Eyni zamanda, Ermənistanın Rusiya və İran asılılığından qismən də olsa uzaqlaşmasına şərait yarada bilər.”





















