Türkiyədə süni intellekt texnologiyasından istifadə edərək prezident Rəcəb Tayyib Ərdoğan və digər yüksək vəzifəli şəxslərlə saxta görüntülər hazırlayıb paylaşdığı bildirilən şəxs həbs edilib.
Korrekt.az xəbər verir ki, “Cumhuriyet” qəzetinin sentyabrın 23-də yaydığı məlumata görə, Mehmed C. adlı şəxs Ankara şəhərində saxlanılaraq həbs olunub.
Məlumata əsasən, şübhəli süni intellekt texnologiyasından istifadə etməklə Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyənin ədliyyə naziri Akın Gürlek ilə birlikdə çəkilmiş kimi görünən görüntülər hazırlayıb və onları “WhatsApp” messencerində paylaşıb.
Ankara Prokurorluğunun məlumatına görə, şübhəli bu görüntüləri nüfuzlu şəxslərlə əlaqələrinin olduğu barədə yanlış təsəvvür yaratmaq məqsədilə yayıb.
İstintaq çərçivəsində Mehmed C.-yə qanunsuz təsir imkanlarından istifadə və dezinformasiya yaymaqla bağlı ittihamlar irəli sürülüb.
Hazırda istintaq davam edir. Hüquq-mühafizə orqanları süni intellekt vasitəsilə hazırlanmış görüntülərin hansı məqsədlə yaradıldığını və yayıldığını araşdırır.





















