image-1backend

Türkiyədən önəmli qərar:  Türkdilli ölkələrdən gələn  futbolçular  yerli oyunçu statusunda çıxış edəcəklər  

image-ads-728x90

Türk dünyasından Türkiyəyə gələn futbolçuların əcnəbi oyunçu deyil, yerli futbolçu statusunda çıxış etməsi üçün işlərə başlanılıb. Eyni zamanda, türk dövlətlərinin iştirakı ilə iki ildən bir “Türkiyə Kuboku” adlı futbol turnirinin təşkili planlaşdırılır.

Korrekt.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Kürşad Zorlu Türk Dünyası Gənclər Toplantısında çıxışı zamanı məlumat verib.

Zorlu bildirib ki, türk dünyasından Türkiyəyə gələn futbolçuların statusunun dəyişdirilməsi ilə bağlı Türkiyə Futbol Federasiyasının prezidenti ilə də müzakirələr aparılıb. Təklifin reallaşması halında həmin futbolçuların Türkiyə klublarında əcnəbi deyil, yerli oyunçu statusunda çıxış etməsi nəzərdə tutulur.

“Türkiyə Kuboku”nun keçirilməsi planlaşdırılır

Kürşad Zorlu digər layihənin türk dövlətləri arasında futbol əməkdaşlığının genişləndirilməsi ilə bağlı olduğunu qeyd edib. Onun sözlərinə görə, Türkiyə Futbol Federasiyasının hər iki ildən bir bütün türk dövlətlərinin iştirakı ilə “Türkiyə Kuboku” adlı futbol turniri təşkil etməsi hədəflənir.

Zorlu bu istiqamətdə Gənclər və İdman Nazirliyi ilə birlikdə fəaliyyətə başladıqlarını bildirib.

O vurğulayıb ki, təşəbbüslər yalnız futbolçuların statusunun dəyişdirilməsi ilə məhdudlaşmır. Məqsəd 200 milyondan çox əhalisi olan türk dünyasında gənc futbol istedadlarını üzə çıxarmaq, onları öz ölkələrində yetişdirmək və beynəlxalq yarışlarda uğurlarını artırmaqdır.

AK Partiya sədr müavini türk dünyasından olan futbolçuların inkişafı üçün yaradılacaq imkanların gələcəkdə Avropa və digər beynəlxalq turnirlərdə milli komandaların nəticələrinə müsbət töhfə verəcəyinə ümid etdiyini bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki