Britaniyalı siyasətçi və parlament üzvü Mayk Martin The Telegraph qəzetində dərc olunan məqaləsində bildirib ki, Ukrayna müharibənin gedişatını öz xeyrinə dəyişməyə başlayıb və atəşkəs ehtimalı əvvəlki dövrlərlə müqayisədə daha real görünür. Lakin onun fikrincə, bu vəziyyət Avropa üçün sevindirici deyil, əksinə, yeni təhlükələr yarada bilər.
Martin hesab edir ki, Ukraynanın son uğurlarının arxasında iki əsas amil dayanır.
Birincisi, Ukrayna innovasiya və texnoloji həllər sahəsində Rusiyanı geridə qoyub. Ukraynalılar pilotsuz uçuş aparatları (PUA) texnologiyalarında dünya liderlərindən birinə çevriliblər. Rusiya isə əsasən köhnə hərbi yanaşmaya – artilleriya və canlı qüvvənin kütləvi istifadəsinə söykənir. Lakin bu taktika yalnız qoşunlar hədəfə çatdıqda effektiv olur.
Ukrayna dronları Rusiyanın logistika sisteminə ciddi zərbələr endirərək cəbhə xəttinə gedən təchizat yollarını hədəfə alır. Hazırda onların imkanları Krım və Xerson vilayəti istiqamətində yerləşən Rusiya qüvvələrinin əsas təchizat marşrutlarına çatmağa imkan verir.
İkinci amil isə raketlər və uzaqmənzilli dronların birgə istifadəsidir. Ukrayna bu vasitələrlə Rusiyanın dərinliklərində yerləşən strateji obyektlərə zərbələr endirir. Hədəflər sırasında neft emalı zavodları, sənaye müəssisələri, limanlar, dəmir yolları və körpülər yer alır.
Məqalədə qeyd olunur ki, bu hücumlar Rusiyanın müharibəni maliyyələşdirən əsas gəlir mənbələrinə zərbə vurur. Nəticədə neft gəlirləri azalır, iqtisadi xərclər isə artır.
Martin hesab edir ki, Rusiya ilk dəfə olaraq həm iqtisadi, həm də siyasi baxımdan ciddi həssaslıq nümayiş etdirir. Bu isə Ukrayna üçün ehtiyatlı nikbinlik yaratmağa əsas verir.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin üçün bu müharibə təkcə dövlət deyil, həm də şəxsi siyasi gələcək məsələsidir.
“Rusiya tarixində müharibələri uduzan liderlər çox vaxt hakimiyyətdən uzaqlaşdırılıb. Putin bunu yaxşı bilir və mümkün sui-qəsd və ya çevriliş ehtimalından ehtiyat edir”, – Martin yazır.
Ekspert əlavə edir ki, hətta Putinin hakimiyyətdən getməsi halında belə, aydın varisin olmaması ciddi qeyri-müəyyənlik yarada bilər. Dünyanın ən böyük nüvə arsenalına malik dövlətində siyasi böhran beynəlxalq təhlükəsizlik üçün böyük risk hesab olunur.
Martin Qərbdə kifayət qədər diqqət çəkilməyən başqa bir təhlükəyə də diqqət yönəldir.
Onun sözlərinə görə, Ukraynada mümkün atəşkəs Rusiya ordusunun tərxis olunması demək deyil. Əksinə, həmin qüvvələrin başqa istiqamətlərə yönəldilməsi ehtimalını artırır.
Ekspert qeyd edir ki, Rusiya Silahlı Qüvvələrinin aktiv şəxsi heyəti təxminən 1,32 milyon nəfərdir və onların 700 minə yaxını Ukrayna ərazisində yerləşdirilib. Bu qüvvələrin bir hissəsi müharibədə iştirak etmək üçün həbsxanalardan cəlb olunmuş keçmiş məhbuslardan ibarətdir.
Martin hesab edir ki, müharibənin dayanması halında bu silahlı və döyüş təcrübəsi qazanmış insanların gələcək fəaliyyəti ciddi təhlükəsizlik problemi yarada bilər.
Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna da xəbərdarlıq edib. Onun fikrincə, atəşkəs əldə olunarsa, Kreml həmin qüvvələri Rusiyanın digər rəqiblərinə qarşı istifadə etməyə cəhd göstərə bilər.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, əgər bu addım müharibənin dayandırılmasına kömək edərsə, cəbhə xəttinin hazırkı vəziyyətdə dondurulması variantını nəzərdən keçirməyə hazırdır.
Zelenskinin sözlərinə görə, mövcud mövqelərin qorunub saxlanılması insanların həyatını xilas etməyə və hərbçilərin evlərinə qayıtmasına imkan verə bilər.
Prezident həmçinin may ayında Kiyevdə rusiyalı iş adamı Roman Abramoviç ilə görüş keçirdiyini təsdiqləyib. Onun sözlərinə görə, Rusiya tərəfi Ukraynanın mümkün sülh razılaşması çərçivəsində hansı addımlara hazır olduğunu öyrənmək istəyirdi. Müzakirələrdə xüsusilə Donbas bölgəsinin gələcəyi ilə bağlı məsələlər diqqət mərkəzində olub.





















