Qeysəriyyə əməliyyatından sonra bir xanımın vəfat etməsi ilə bağlı yayılan məlumatlara vəkil Fərhad Mehdiyev də münasibət bildirib.
Korrekt.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bu məsələ ilə bağlı paylaşım edib.
F.Mehdiyev bildirib ki, Azərbaycanda həkim seçərkən əsas meyarlardan biri etibarlı tövsiyə olmalıdır:
“Bunun qızıl qaydası var: ancaq kiminsə tövsiyəsi üzrə. Ən gözəli odur ki, tövsiyə edənin özü sınanmış həkim olsun”.
F.Mehdiyev insanların yalnız xəstəxananın adına və nüfuzuna əsaslanaraq seçim etməməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, tanınmış xəstəxanada belə konkret olaraq hansı həkimlə qarşılaşacağınızı əvvəlcədən bilmirsiniz və problem yarandıqda onu aradan qaldırmaq hər zaman mümkün olmur.
Vəkil qeyd edib ki, özü də bir sıra tanışlarına həkim seçimi ilə bağlı uroloq Vahid İsmayılovdan məsləhət alıb. Onun sözlərinə görə, həkim həmin şəxsləri məsuliyyətli və peşəkar mütəxəssislərə yönləndirib.
“Qısacası, institusionallaşma olmayan cəmiyyətlərdə brend/marka keyfiyyətə bərabər deyil. Odur ki, xəstəxana adı güclü olsa belə, nəticədən narazı qala bilərsiniz”, – deyə Fərhad Mehdiyev bildirib.
O, xidmət sektorunda çalışanları müştəri məmnuniyyətinə daha ciddi yanaşmağa çağırıb və səhiyyə sahəsində qarşılaşdığı bəzi halları tənqid edib.





















