ABŞ administrasiyasının Ukrayna və Rusiya arasında sülh sazişi əldə etməyə dair yenilənmiş təşəbbüsləri qlobal miqyasda ciddi narahatlıq doğurub. Korrekt.az xəbər verir ki, The Wall Street Journal yazır ki, təqdim olunan təkliflərin nəticəsi təkcə Kiyevin nələri güzəştə gedəcəyi ilə məhdudlaşmır, həm də dünya üzrə nüvə silahlanmasının genişlənməsi üçün təhlükəli stimul yarada bilər.
1990-cı illərdə ABŞ Ukraynanı dünyanın üçüncü ən böyük nüvə arsenalından imtina etməyə inandırmış və bunun müqabilində təhlükəsizlik zəmanətləri vermişdi. Lakin Krımın 2014-cü ildə ilhaqı və Rusiyanın tammiqyaslı hücumu bu zəmanətlərin faktiki olaraq işləmədiyini göstərdi.
Mütəxəssislərin fikrincə, əgər ABŞ vaxtilə nüvə silahından imtina edən dövləti sülh naminə ərazi güzəştinə məcbur edirsə, bu, digər ölkələrə açıq mesaj olacaq: yeganə real müdafiə – nüvə silahıdır. Belə bir siqnal isə son onilliklərin ən genişmiqyaslı nüvə yarışını başlada bilər.
Bir sıra regionlarda öz nüvə arsenalını yaratmaq ideyasına dəstək artır:
Cənubi Koreya və Yaponiya – Çinin aqressiyası və Ukrayna nümunəsi fonunda narahatdır.
Avstraliya – ABŞ-ın müdafiə öhdəliklərinin davamlılığına şübhə ilə yanaşır.
Kanada – Vaşinqtonun potensial təzyiqlərini nəzərə almağa məcburdur.
Qazaxıstan – böyük plütonium ehtiyatlarına və Rusiyadan qaynaqlanan risklərə görə nüvə proqramına qayıtmaq ehtimalı müzakirə olunur.
Avropada da mövzu gündəmdədir. Polşa və Almaniya yenidən nüvə təhlükəsizliyi mexanizmlərini müzakirə etməyə başlayıblar. Varşava xatırladır ki, ölkə 1990-cı illərdə yalnız ABŞ-ın NATO-ya üzvlük vədi səbəbilə nüvə silahı yaratmaqdan imtina edib.
Ağ Evin Ukraynadan güzəşt tələb etməsi bir çox müttəfiqlərdə sual doğurur: ABŞ-ın təhlükəsizlik zəmanətləri nə dərəcədə davamlıdır?
Ekspertlərin fikrincə, Rusiya və ya Çinin təhdidlərini görən ölkələr üçün cavab getdikcə daha aşkar olur: ABŞ-ın zəmanətləri müvəqqəti, nüvə silahı isə daimi ola bilər.





















