image-media-media-1-3c79l6ji8zyfnv0q5sge-gsbfzxt1mwcha6pj8yn5backend

“Yaxın Şərqdəki savaş enerji çatışmazlığı böhranına səbəb ola bilər” -Politoloq

image-ads-728x90

“Yaxın günlərdə müharibə dayanmasa dünyanın bir çox ölkəsi iqtisadi çətinliklə üz-üzə qala bilər. “ – bu fikirləri politoloq Arzuman Muradlı bildirib. Politoloq qeyd edib ki,  Yaxın Şərqdə artan gərginlik qlobal enerji marşrutlarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.

“Xüsusilə dünya neftinin mühüm hissəsinin daşındığı Hörmüz boğazı ətrafında risklərin artması beynəlxalq bazarlarda ciddi narahatlıq yaradır. Dünyanın ən böyük mayeləşdirilmiş qaz ixracatçılarından biri olan Qətər LNG tədarükünün böyük hissəsini məhz bu strateji boğaz vasitəsilə həyata keçirir. Eyni zamanda Çin də ixrac və idxal əməliyyatlarının əhəmiyyətli qismini bu marşrut üzərindən reallaşdırır ki, bu da Hörmüz boğazının qlobal ticarətdəki rolunu daha da artırır.”– deyə Arzuman Muradlı bildirib.

Politoloqun  sözlərinə görə, bu marşrut yalnız enerji daşımaları baxımından deyil, həm də orta sahibkarlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

“Belə ki, tekstil sənayesi, nəqliyyat vasitələri və avtomobil bazarının sabit fəaliyyəti də müəyyən dərəcədə bu logistik xəttdən asılıdır. Yaxın Şərqdə davam edən gərginlik dünya iqtisadi sistemində tarazlığın pozulmasına səbəb olur. Enerji qiymətlərinin artması istehsal xərclərinin yüksəlməsinə gətirib çıxarır ki, bu da ümumilikdə bazarlarda bahalaşmanı sürətləndirir. Nəticədə iqtisadiyyatın planlaşdırılması çətinləşir, iri şirkətlərin 3-5 illik strateji planları qeyri-müəyyən vəziyyətə düşür və büdcə siyasəti üzərində təzyiq artır. Əgər Hörmüz boğazında fəaliyyət uzun müddət məhdudlaşarsa, bunun qlobal nəticələri çox ciddi ola bilər. Bu halda dünya üzrə enerji tələbatının təxminən beşdə birinin qarşılanmasında problemlər yarana, nəticədə isə enerji çatışmazlığı böhranı baş verə bilər. Belə bir ssenari dünya iqtisadi sistemində ciddi sarsıntılara, bəzi ölkələrdə isə iqtisadi geriləmə və hətta çöküş riskinə səbəb ola bilər.”– deyə Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki