image-6996579bef7b019976e6d62fa7bb614cbackend

“Yol verin “Turan” gəlir” — Əfsanə geri döndü…

image-ads-728x90

Azərbaycan futbolunun əfsanəvi bölgə komandalarından sayılan Tovuzun “Turan” klubu yenidən Avropa səhnəsinə qayıtdı. Bununla da 32 illik həsrət sona çatdı.

Öncəliklə məlumat verək ki, müstəqillik illəri ərzində Azərbaycanı Avropada ilk dəfə Tovuz klubu təmsil edib. 1994-cü ilin yayında ölkə çempionu qismində “Turan” avrokuboklara qatılmış, o vaxt UEFA kuboku adlanan yarışda birinci mərhələdə İstanbul nəhəngi “Fənərbaxça” ilə qarşılaşmışdı. Hər iki oyunda uduzaraq (İstanbulda ilk matç 0:5, Sumqayıtda cavab görüşü 0:2) mübarizəni dayandırmışdı.

217d564d96ae54ae15a6cf183141955a.jpg (85 KB)

İndi yenidən qazanılan bu uğur təkcə bir klubun Konfrans Liqasına vəsiqə qazanması deyil, həm də illərlə çətinliklərə, haqsızlıqlara, maddi problemlərə və unudulmuşluğa qarşı aparılan böyük savaşın qalibiyyətidir.

“Turan” bu uğuru təsadüfən qazanmadı. Onun arxasında gecəsini-gündüzünə qatan “Turan Tovuz”un idarə heyətinin sədri, komandanın əsas sponsoru sayılan “Huner Group”un təsisçisi və direktoru Ehtiram Quliyevin zəhməti, çətin anlarda komandaya inamını itirməyən baş məşqçi Kurban Berdiyevin əməyi və ən əsası Tovuz futboluna ürəkdən bağlı insanların fədakarlığı dayanır. Uzun illər Azərbaycan futbolunda bölgə klublarının necə sıxışdırıldığını, hansı problemlərlə üzləşdiyini hər kəs bilir. Amma “Turan” sınmadı. Ayaqda qaldı. Mübarizə apardı və sonunda haqq etdiyi yerə çatdı.

1e3a27f0-a7bc-4f08-87e1-7015f6a8d8b0.jpg (88 KB)

Bu mövsüm “Turan” bəzən açıq haqsızlıqlarla da üzləşdi. Xüsusilə “Zirə” ilə Azərbaycan kubokunun yarımfinal oyununda verilməyən iki açıq penalti hələ də futbol ictimaiyyətində müzakirə olunur. Həmin qarşılaşmada hakim Əliyar Ağayev qərarları ilə Tovuz təmsilçisinin haqqını əlindən aldı. Bəlkə də o haqsız qərarlar olmasaydı, “Turan” bu ilki Azərbaycan kubokunun qalibi kimi Avropa Liqasına qatılmışdı.
Amma bütün bunlar “Turan”ı ruhdan salmadı. Əksinə, komanda daha da bərkidi, daha da birləşdi. Sanki bu haqsızlıqlar futbolçuların içində əlavə qələbə hissi yaratdı.

051aa72c-879f-4518-b04b-8794b08eddb0.jpg (166 KB)

Bu uğurun ən böyük qəhrəmanlarından biri isə şübhəsiz ki, Tovuz azarkeşidir. Azərbaycan futbolunda bəlkə də ən sadiq və ən çılğın azarkeş kütlələrindən biri məhz Tovuzdadır. Komandanın ən ağır günündə də stadion boş qalmadı. Yağışda, qarda, uğursuz nəticələrdə belə “Turan” tək buraxılmadı. Bu gün Avropaya gedən yolun əsas memarlarından biri də məhz həmin tribunalar, həmin səslər, həmin sevgidir.

“Turan”ın uğuru Azərbaycan futbolu üçün də böyük mesajdır. Futbol yenidən bölgələrə qayıdır. Uzun illər yalnız paytaxt komandalarının kölgəsində qalan Azərbaycan futbolunda artıq bölgələrin nəfəsi hiss olunur. Tovuz bir daha göstərdi ki, futbolun ruhu məhz bölgələrdə yaşayır.

Screenshot_12.png (908 KB)

Ən qürurverici məqamlardan biri isə odur ki, “Turan” Avropa oyunlarını öz doğma şəhərində- Tovuzda keçirəcək. Bu, sadəcə futbol hadisəsi deyil. Bu, bir şəhərin illər sonra Avropa ab-havasını yaşaması, Tovuz küçələrinin yenidən futbol bayramına çevrilməsi deməkdir. Minlərlə insan öz doğma stadionunda Avropa gecələrinə şahidlik edəcək.

“Turan”ın Avropaya dönüşü Azərbaycan futbol tarixində sadəcə nəticə deyil, xarakter hekayəsidir. Bu hekayədə əzm var, mübarizə var, haqsızlığa boyun əyməmək var və ən əsası, bölgə futbolunun yenidən ayağa qalxması var.

Uğurlar, böyük “TURAN”!

Cavanşir Abbaslı 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki