image-1backend

740 MANATDAN 2800 MANATADƏK… – Azərbaycanda otellərdə ŞOK Yeni il QİYMƏTLƏRİ

image-ads-728x90

Yeni il bayramına sayılı günlər qaldığı bir vaxtda Azərbaycanda hotellərin bayram təklifləri və istirahət paketlərinin qiymətləri də açıqlanmağa başlayıb. Bayramı ölkə daxilində, xüsusilə də Qəbələ, Quba, Şahdağ, Şəki və digər turizm bölgələrində qarşılamaq istəyənlər üçün təklif olunan qiymətlər isə heç də hər kəsin cibinə uyğun deyil.

Belə ki, iki nəfər üçün iki gecəlik istirahət paketlərinin qiyməti bəzi hotellərdə 740 manatdan başlayır, lüks istirahət mərkəzlərində isə 2800 manatadək yüksəlir.

Korrekt.az  31 dekabr 2026-cı il tarixinə yerli hotellərdəki qiymətləri araşdırmağa çalışıb.

Qeyd edək ki, iki nəfərlik paketlər arasında ən münasib təkliflərdən biri Şəkidəki “Sheki Palace Hotel” tərəfindən təqdim olunur. Burada iki gecəlik istirahətin qiyməti 740 manatdır. Qaxdakı “El Resort Hotel”-də eyni müddət üçün qiymət 799 manat, Zəngilandakı “Ağalı Hotel”-də isə 900 manat təşkil edir.

Qəbələdəki “Gabala Garden Hotel”-də iki nəfərlik paketlərin qiyməti 932-1106 manat, Qubadakı “Macara Lake Park”-da 1090 manat, “Grotto Resort”-da isə 1100 manatdır. 

“Şuşa Hotel”-də iki gecəlik istirahət 1100 manata, Şamaxıdakı “Shirvan Grand Hotel”-də isə 1140 manata təklif olunur. Qəbələdə yerləşən “Hill Chalet Hotel & Resort”-da qiymət 1200 manat, “Yengicə Thermal Resort”-da isə 1460 manatdır.


 

Digər turizm mərkəzlərində də qiymətlər kifayət qədər yüksəkdir. Belə ki, Qusardakı “Hill Park Hotel”-də iki nəfərlik paket 1480 manat, “Lankaran Springs Resort”-da 1500 manat, “Laçın Resort & Spa”-da 1660 manat, Qəbələdəki “Qafqaz Riverside Hotel”-də isə 1677 manat təşkil edir. Şəkidəki “Marxal Resort & Spa”-da iki gecəlik istirahət 1750 manat, Qəbələdəki “Qafqaz Tufandag Hotel”-də 1788 manat, Şamaxıdakı “Shamakhi Palace Sharadil”-də 1790 manat, İsmayıllıdakı “Basqal Resort & Spa”-da isə 1820 manatdır.

Siyahıda ən yüksək qiymətlərdən biri Qubadakı “Quba Palace Hotel”-ə aiddir. Burada iki nəfərlik paket 2100 manatdır. Şahdağda yerləşən “Pik Palace Hotel”-də isə eyni müddət üçün qiymət 2800 manata çatır. Beləliklə, ən ucuz və ən bahalı təklif arasında 2060 manat fərq yaranır.

Hotellərin Yeni il təklifləri yalnız gecələmə və səhər yeməyi ilə məhdudlaşmır. Bir çox istirahət mərkəzi bayram gecəsi üçün xüsusi əyləncə proqramları, qala-şam yeməkləri və tanınmış müğənnilərin iştirakı ilə konsertlər təşkil edir. Bu xidmətlər də paketlərin qiymətinə təsir göstərir.

Bəzi hotellərin bayram proqramları və qiymətləri artıq açıqlanıb. Məsələn, “Gabala Garden Hotel”-də Yeni il paketi 810 manatdan başlayır. Burada Dilarə Kazımovanın çıxışı nəzərdə tutulur. “Ağalı Hotel”-də qiymətlər 1050 manatdan başlayır və proqramda Ceyhun Səmədov iştirak edəcək. “Shabran Wellbeing Resort”-da paketlərin qiyməti 1470 manatdan başlayır. Yeni il gecəsində burada Miri Yusifin çıxışı planlaşdırılır. “Lankaran Springs Resort”-da qiymət 1490 manatdır və proqramda Elvin Babazadənin iştirakı nəzərdə tutulur. “Laçın Resort & Spa”-da 1660 manatdan başlayan paketlər çərçivəsində Faiq Ağayevin, “Marxal Resort & Spa”-da isə 1750 manatdan başlayan paketlər çərçivəsində İradə İbrahimova və Mərdan Kazımovun çıxışları nəzərdə tutulur. “Basqal Resort & Spa”-da qiymətlər 1800 manatdan başlayır, bayram proqramında isə Murad Arifin iştirakı gözlənilir.

Bəzi hotellərdə isə hətta bir gecəlik istirahət paketlərinin qiyməti kifayət qədər yüksəkdir. Məsələn, “Shabran Wellbeing Resort”-da 31 dekabr – 1 yanvar tarixlərini əhatə edən bir gecəlik paket iki nəfər üçün 1490 manatdan başlayır. Təklifə səhər yeməyi, SPA xidmətləri, canlı musiqi və bayram proqramı daxildir.

Lüks hotellərin yüksək qiymətləri fonunda daha münasib büdcə ilə istirahət etmək istəyənlər üçün turizm şirkətlərinin qrup turları alternativ ola bilər. Məsələn, Quba-Qusar-Şahdağ istiqamətində üç günlük, iki gecəlik turun qiyməti bir nəfər üçün 349 manat təşkil edir. Digər təkliflərdə isə Quba-Qusar istiqamətində iki günlük turların qiyməti 129 manatdan başlayır. Bu paketlərə turdan asılı olaraq nəqliyyat, hotel, gündə üç dəfə qidalanma və Yeni il proqramı daxil edilə bilər. Beləliklə, iki nəfərin qrup turu ilə istirahəti təxminən 258-698 manata başa gələ bilər.“AzPolitika.info”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki