2026-cı ilin ilk yarısında Böyük Britaniyada dələduzlar süni intellektdən istifadə etməklə ölkə sakinlərindən 316 milyon funt sterlinq (təxminən 414 milyon dollar) oğurlayıblar.
“Financial Times” qəzetinin yaydığı məlumata görə, ümumilikdə ilin ilk altı ayında britaniyalıların dələduzluq nəticəsində itirdiyi vəsaitin həcmi 659 milyon funt sterlinqə (863 milyon dollar) çatıb.
Məlumata əsasən, müştərilərin razılığı olmadan həyata keçirilən ödənişlərlə bağlı süni intellektdən istifadə edilən fırıldaqçılıq halları 22 faiz artıb. İnvestisiya fırıldaqları nəticəsində dəymiş zərər ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz yüksələrək 165 milyon dollara çatıb. Bu cür dələduzluğun hər bir qurbanı orta hesabla 21 min dollar itirib.
Alış-veriş zamanı törədilən fırıldaqçılıqdan yaranan itkilər isə təxminən 25 faiz artaraq 86 milyon dollar təşkil edib. Bu, müvafiq statistikanın 2020-ci ildə aparılmağa başlanmasından bəri qeydə alınan ən yüksək göstəricidir.
Böyük Britaniyanın bank sektorunu təmsil edən “UK Finance” təşkilatının siyasət və əməliyyatlar üzrə direktoru Nina Kerkes bildirib ki, mütəşəkkil cinayətkar qruplar süni intellektdən insanların etibarını qazanmaq və daha inandırıcı saxta məzmunu geniş auditoriyaya çatdırmaq üçün istifadə edirlər.
Onun sözlərinə görə, dələduzlar kütləvi mesajlar və elektron məktublar göndərmək, eləcə də avtomatlaşdırılmış səsli zənglər həyata keçirmək üçün süni intellekt agentlərindən yararlanırlar. Beləliklə, fırıldaqçılıq cəhdlərinin bir hissəsi artıq insan müdaxiləsi olmadan, avtomatlaşdırılmış sistemlər vasitəsilə həyata keçirilir.
“Barclays” bankının keçirdiyi sorğunun nəticələrinə görə, Böyük Britaniyada yetkin əhalinin 78 faizi süni intellekt texnologiyalarının inkişafının saxta sxemləri daha inandırıcı etdiyini düşünür. Bununla yanaşı, respondentlərin yalnız üçdə biri süni intellekt vasitəsilə yaradılan saxtakarlığı aşkar edə biləcəyinə əmindir.





















