image-1backend

 Kadırovun oğlu soyadını dəyişərək Serbiya vətəndaşlığı alıb – İstintaqın təfərrüatları

image-ads-728x90

Çeçenistan rəhbəri Ramzan Kadırovun 19 yaşlı oğlu Əli Kadırov soyadını dəyişərək Musayev olub və Serbiya vətəndaşlığı əldə edib.

Korrekt.az xəbər verir ki, bu barədə Rusiyanın “Agentstvo. Novosti” nəşri və Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) sızdırılmış rəsmi sənədlərə istinadən məlumat yayıb.

Məlumata görə, Əli Kadırov 2025-ci il dekabrın 22-də Qroznıda soyadını rəsmi şəkildə Musayev olaraq dəyişdirib. Ertəsi gün isə yeni Rusiya pasportu alıb. Bununla da onun əvvəlki soyadı ilə verilmiş pasportu etibarsız sayılıb.

Sənədlərdə Əli Musayevin valideynləri kimi Ramzan və Medni Kadırovun adları göstərilir.

Jurnalistlərin əldə etdiyi məlumatlara əsasən, Əli Musayev 2026-cı il iyulun 10-da Serbiya vətəndaşlığına qəbul edilib. Serbiya hökumətinin qərarında onun 14 dekabr 2006-cı ildə Çeçenistanın hazırda Axmat-Yurt adlandırılan Tsentaroi kəndində anadan olduğu qeyd olunur.

Araşdırmada bildirilir ki, soyadını dəyişdikdən sonra Əli Musayev 100 dəfədən çox xarici səfər edib. Onun əsas istiqamətlərinin Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə Dubay olduğu bildirilir. Səfərlər zamanı şəxsi təyyarələrdən istifadə edildiyi qeyd olunur.

Uçuşların təhlili FBK-ya Kadırov ailəsi ilə əlaqəli olduğu bildirilən, əvvəllər ictimaiyyətə məlum olmayan Bombardier Global 6000 tipli biznes təyyarəsini də müəyyən etməyə imkan verib. RA73604 qeydiyyat nömrəli təyyarənin 2025-ci ilin avqustunda Avropalı sahibindən alındığı iddia edilir.

Nəşrin məlumatına görə, Ramzan Kadırovun digər övladları da xarici səfərlər zamanı fərqli soyadlardan istifadə edirlər. Oğulları Adam, Axmat və Abdulah, qızları Aişat, Karina, Tabarik və Hedi də bu üsula əl atırlar.

Bundan başqa, araşdırmada Kadırovun 18 yaşlı oğlu Adamın uçuşlar zamanı iki pasportdan istifadə etdiyi bildirilir. Hər iki sənəddə onun adı Məhəmməd kimi göstərilsə də, jurnalistlər sərhəd xidmətindən sızdırılmış məlumatlarda Adam Kadırovun adına pasport aşkarlaya bilməyiblər.

Qeyd edək ki, Kadırov ailəsinin üzvlərinin səfərlər zamanı fərqli soyadlardan istifadə etməsi ilə bağlı məlumatlar daha əvvəl də mediada dərc olunub. Lakin Əli Kadırovun Serbiya vətəndaşlığı alması ilə bağlı iddialar yeni araşdırmada ortaya çıxıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki