ABŞ-ın keçmiş müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Leon Panetta ABŞ-İran müharibəsinin daha 6 ay davam edə biləcəyini bildirib.
Korrekt.az xəbər verir ki, Panetta “The Guardian”a müsahibəsində Vaşinqton və Tehran arasında hərbi qarşıdurmanın yaxın vaxtlarda başa çatacağına dair ciddi əsasların olmadığını deyib.
“Düşünürəm ki, bu müharibənin həlli yolu tapılmadan daha 6 ay davam etməsi mümkündür. ABŞ və İranın dəhşətli çıxılmaz vəziyyətdə olduğu heç kimə sirr deyil. Müharibəni başa çatdırmaq üçün çox az sayda real variant var”, – deyə o bildirib.
Keçmiş nazir Donald Tramp administrasiyasının Yaxın Şərqdə uzunmüddətli müharibəyə cəlb olunmaq riski ilə üz-üzə olduğunu vurğulayıb. Panetta Vaşinqtonun İraq və Əfqanıstan müharibələrinə bənzər “daha bir uğursuz müharibəyə” sürüklənə biləcəyindən narahatlığını ifadə edib.
Onun sözlərinə görə, ABŞ-ın rəqibləri ölkənin təhlükəsizliyini təmin etməkdə çətinlik çəkən hazırkı administrasiyanın zəifliklərini müşahidə edirlər.
Panetta hesab edir ki, Tramp özünü mürəkkəb vəziyyətə salıb və qarşıda üç əsas seçim var.
Birinci variant müharibənin uğursuz olduğunu qəbul edərək hərbi əməliyyatları azaltmaqdır. Lakin Panetta bu ssenarinin hazırkı şəraitdə reallaşmasını az ehtimal edir.
İkinci variant hərbi eskalasiyaya yol vermədən İrana qarşı hava zərbələrini davam etdirməkdir. Keçmiş Pentaqon rəhbəri bunun münaqişənin daha da uzanmasına səbəb ola biləcəyini düşünür.
Üçüncü variant isə Hörmüz boğazına nəzarəti ələ keçirməkdir. Panettanın fikrincə, bu addım İranı əsas strateji üstünlüklərindən birindən məhrum edə bilər.
Qeyd edək ki, Leon Panetta 2009-2011-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, 2011-2013-cü illərdə isə ABŞ-ın müdafiə naziri vəzifəsində çalışıb.





















