Çində elektromobillərin satışları rekord səviyyəyə çatmaq üzrədir. Proqnozlara görə, 2026-cı ilin noyabr ayında ölkədə satılan hər 10 avtomobildən təxminən 7-si elektrik mühərrikli olacaq. Bunun fonunda benzinlə işləyən avtomobillərin bazar payı sürətlə azalır.
Korrekt.az xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.
Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) proqnozuna əsasən, noyabr ayında ölkədə 1,15 milyon tam elektrik və xaricdən enerji ilə doldurulan hibrid avtomobilin (plug-in hybrid) satılması gözlənilir. Bu, ümumi avtomobil satışlarının 70,6 faizini təşkil edə bilər.
Proqnoz reallaşarsa, Çində elektromobillərin bazar payı ardıcıl səkkizinci ay rekord göstəriciyə çatacaq. Müqayisə üçün qeyd edək ki, oktyabr ayında bu göstərici 67,5 faiz olub.
Bununla belə, CPCA-nın proqnozunda noyabr ayında avtomobil satışlarının ümumi həcminin azalacağı da qeyd edilir. Belə ki, benzinlə işləyən avtomobillərin satışlarının ötən ilin eyni dövrü ilə müqayisədə 46,9 faiz, elektromobillərin satışlarının isə 12,9 faiz azalacağı gözlənilir.
Çin bazarında baş verən dəyişikliklər xarici avtomobil istehsalçılarına da təsir göstərir. “Volkswagen” və “Toyota” kimi nəhəng şirkətlər elektrikləşmə prosesində yerli istehsalçılardan geri qaldıqları üçün bazardakı mövqelərini itirirlər.
CPCA-nın məlumatına görə, xarici avtomobil markalarının Çindəki tədarükdə payı 2025-ci ilin üçüncü rübündəki 34,6 faizdən bu ilin eyni dövründə 30 faizdən aşağı düşüb.
Digər tərəfdən, qlobal enerji böhranı Çin elektromobillərinin xarici bazarlarda, xüsusilə Avropada satış imkanlarını genişləndirib.





















