İranın keçmiş prezidenti İbrahim Rəisinin ofisinin sabiq müavini Mehdi Mücahid TRIPP layihəsinə (Zəngəzur dəhlizi) qarşı çıxaraq Araz dəhlizini İranın şimalında və Xəzər regionunda əsas geosiyasi üstünlüyü adlandırıb.
Korrekt.az xəbər verir ki, Mücahid “X” sosial şəbəkəsindəki paylaşımında iddia edib ki, İranın son günlərdə nümayiş etdirdiyi passiv mövqedən istifadə edilərək TRIPP layihəsi Ermənistan parlamentində təsdiqlənib.
O, layihənin ABŞ-nin 74 faiz paya sahib olacağı və 49 illik icarə müddətini nəzərdə tutan müqavilə əsasında həyata keçirilməsi ilə bağlı podratçı ilə sazişin imzalanması mərhələsinə çatdığını da bildirib.
Mücahid Araz dəhlizinin strateji əhəmiyyətini Hörmüz boğazı ilə müqayisə edərək onun İran üçün şimal istiqamətində mühüm geosiyasi üstünlük olduğunu vurğulayıb.
“Əgər cənubda yerləşən Hörmüz boğazı İranın geosiyasi üstünlüyüdürsə və biz onu qorumaq üçün doqquz aydır mübarizə aparırıqsa, Araz dəhlizi də şübhəsiz ki, İranın şimalda və Xəzər bölgəsində qəti üstünlüyüdür. Onun təhlükəsizlik və strateji əhəmiyyəti o qədər də uzaq olmayan gələcəkdə aydın olacaq. Ölkənin bu qırmızı xəttinə dözmək olmaz”, – deyə o qeyd edib.





















