Bakıda keçmiş məmur Anar Şirinov avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb.
Korrekt.az Xitab24.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü dönmə işıqlarından istifadə etmədiyinə görə yol polisi tərəfindən saxlanılıb. Yoxlama zamanı onun sərxoş olduğu aşkarlanıb.
Bildirilib ki, Anar Şirinov alkotester cihazından tələb olunan qaydada istifadə etməkdən imtina edib və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. O, həmçinin asayiş keşikçiləri ilə mübahisə edib.
Bundan sonra hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları çağırılıb və sürücü 5-ci Polis Bölməsinə aparılıb.
Məlumata əsasən, Anar Şirinov barəsində inzibati protokol tərtib olunub və o, 150 manat məbləğində cərimələnib.
Qeyd edək ki, Anar Şirinov vaxtilə müxtəlif dövlət qurumlarında, o cümlədən diplomatik korpusda və keçmiş Nəqliyyat Nazirliyində çalışıb. Hazırda isə özəl sektorda fəaliyyət göstərən şirkətlərdən birinin direktoru olduğu bildirilir.





















