ABŞ administrasiyası Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın Birləşmiş Millətlər Təşkilatının (BMT) növbəti Baş katibi vəzifəsinə namizədliyini mümkün variant kimi nəzərdən keçirir.
Korrekt.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Vaşinqton Orbanın BMT rəhbərliyi uğrunda mübarizəyə qoşulmasını istəyir. ABŞ rəsmiləri onun Rusiya və Çinin dəstəyini də qazana biləcəyini ehtimal edirlər.
ABŞ Dövlət Departamentindəki mənbənin bildirdiyinə görə, Orban BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 10-nun dəstəyini əldə edə bilər. Səkkiz üzvün səsini qazanmağın isə ciddi çətinlik yaratmayacağı düşünülür.
Qəzetin məlumatında Böyük Britaniya və Fransanın mövqeyinin həlledici ola biləcəyi vurğulanır. Əsas sual bu iki ölkənin digər üzvlərin mövqeyinə qarşı çıxaraq veto hüququndan istifadə edib-etməyəcəyidir. Nəşr London və Parisin veto mexanizmindən istifadəyə adətən ehtiyatla yanaşdığını qeyd edir.
Dövlət Departamentinin mənbəsi Orbanın ABŞ administrasiyasının ideoloji baxışlarına uyğun gəldiyini və mürəkkəb siyasi şəraitdə idarəçilik təcrübəsinə malik olduğunu bildirib.
Qeyd edək ki, 2017-ci ildən BMT-yə rəhbərlik edən Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır.
BMT-nin yeni Baş katibi əvvəlcə Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında müəyyənləşdirilir, daha sonra isə Baş Assambleya tərəfindən təyin olunur. Təhlükəsizlik Şurasının daimi üzvlərindən hər hansı birinin veto qərarı namizədin seçilməsinə mane ola bilər.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Alimov isə daha əvvəl Moskvanın BMT Baş katibi postuna namizədlərlə bağlı üstünlük verdiyi şəxsi açıqlamadığını bildirib. Onun sözlərinə görə, əsas meyar namizədin peşəkarlığı və qərəzsizliyidir.





















