Bu ilin yanvarında Goranboy rayonunun Faxralı kəndində 1963-cü il təvəllüdlü anası Zoya Əhmədovanı qətlə yetirən, 1995-ci il təvəllüdlü həyat yoldaşı Jalə Yolçuyevanı isə bıçaqlayan 39 yaşlı Emin Vəliyevin məhkəmə prosesi başa çatıb.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmünə əsasən, Emin Vəliyev 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, Emin Vəliyev uzun müddətdir özünün müqəddəs insan olmasını, yaşadığı yerin ocağa çevrilməsini iddia edərək anası və arvadından namaz qılmağı, dinə aid digər ritualları yerinə yetirməyi tələb edib. Hər iki qadın Eminin dediklərini yerinə yetirməkdən imtina edib. Bu zaman təqsirləndirilən şəxs anası və arvadı tərəfindən ona cadu yazdırıldığını düşünüb.
Bu mövzuda tərəflər arasında evdə mübahisə baş verib. Mübahisə zamanı Emin Vəliyev bıçaqdan istifadə etməklə anasını öldürüb, arvadına isə çoxsaylı xəsarətlər yetirib.
Emin Vəliyev məhkəmədə ifadəsində hadisə ilə bağlı yadında heç nə qalmadığını bildirib. O, aralarında yaranmış mübahisənin dediklərinin yerinə yetirilməməsi səbəbindən baş verdiyini etiraf edib. Saxlanılan zaman üzərində narkotik vasitə də aşkarlanan təqsirləndirilən şəxs baş ağrıları səbəbindən istifadəçi olduğunu bildirib. O, narkotikə pul verməmək üçün evdə narkotik tərkibli bitki əkdiyini deyib.
“Hadisə vaxtı anamı cin və şeytan kimi gördüm” – Emin Vəliyev ifadəsində bildirib.
Qeyd edək ki, Emin Vəliyev törətdiyi əməldən sonra hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, müharibə iştirakçısı olub.





















