image-1backend

Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu – Elektron qolbaqda gəzəcək

image-ads-728x90

Bakıda qanunsuz daş karxanası işlədərək ətraf mühitə ziyan vuran şəxsə hökm oxunub. Məhkəmə onun 10 ay müddətinə azadlığının məhdudlaşdırılması barədə qərar verib.

1967-ci il təvəllüdlü Bakı şəhər sakini İlyas Quliyev 2024-cü ilin may ayından 2026-cı ilin yanvarınadək Türkan qəsəbəsində yerləşən “Türkan-1” əhəngdaşı yatağında qanunsuz hasilatla məşğul olub.

İş materiallarına görə, Quliyev müvafiq icazə və “Dağ-mədən ayırması” aktı olmadan 3200 kvadratmetr ərazidə daş karxanası işlədib. O, burada 1280 kubmetr əhəngdaşı çıxararaq naməlum şəxslərə satıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, qanunsuz hasilat nəticəsində ərazinin torpaq qatı korlanıb, faydalı qazıntı yatağının sənaye əhəmiyyətli işlənməsi çətinləşib və ətraf mühitə ziyan dəyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesablamalarına əsasən, dövlətə vurulan zərər 12 min 544 manat təşkil edib.

Məhkəmədə ifadə verən İlyas Quliyev karxanada tanışı ilə birlikdə işlədiyini, avadanlıqların özünə məxsus olduğunu bildirib. O, rəsmi sənədlərinin və icazəsinin olmadığını etiraf edərək, maddi vəziyyətinin ağır olması səbəbindən bu fəaliyyətlə məşğul olduğunu deyib.

Quliyev əməlindən peşman olduğunu bildirib. O, ziyanın əvəzinin ödənilməsi məqsədilə 2500 manat ödəyib. Məhkəmə bu halı, təqsirini etiraf etməsini, ilk dəfə cinayət törətməsini və himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə İlyas Quliyev Cinayət Məcəlləsinin 255.1-ci maddəsi ilə təqsirli bilinib. Ona 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Bundan əlavə, o, bir il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, özəl sektorda rəhbər və maddi məsul vəzifələr tutmaq, həmçinin faydalı qazıntıların hasilatı ilə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Hökmə əsasən, Quliyev gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşadığı ünvanı tərk edə bilməz. O, elektron nəzarət vasitəsi gəzdirməli, Bakı və Abşeron rayonu ərazisini tərk etməməli, yaşayış yerini məhkəmənin qərarı olmadan dəyişməməlidir.

Məhkəmə həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mülki iddiasını qismən təmin edərək Quliyevdən dövlətə vurulmuş ziyana görə əlavə 10 min 44 manat tutulmasına qərar verib.

Qeyd edək ki, məhkəmə hökmünün əsaslandırıcı hissəsində ziyanın ödənilməmiş qalığı 10 544 manat göstərilsə də, qərar hissəsində 10 044 manat tutulması qeyd olunub. Xəbərdə hökmün qərar hissəsindəki məbləğ əsas götürülüb.Qaynarinfo



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki