image-media-media-1-3x5neipm7ha41cktsv0j-pvaiuw81zc3hsegr79jfbackend

Arzuman Muradlı: “Moskva Ermənistanı buraxmır, sadəcə təsir mexanizmini dəyişir”

image-ads-728x90

Rusiya Ermənistanı öz təsir dairəsindən çıxarmaq niyyətində deyil. Əksinə, Kreml İrəvan hakimiyyəti ilə münasibətlərdə yaranmış gərginliyin fonunda yeni və daha təhlükəli təsir mexanizmlərinə əl atır.

Politoloq Arzuman Muradlının fikrincə, Moskva artıq əsas hədəfi Ermənistan hakimiyyəti deyil, birbaşa erməni cəmiyyəti olan yeni strategiya qurur.

“Son günlər rəsmi Kreml Ermənistan hakimiyyətindən əlini üzərək yeni metoda əl atıb. Bu, təbliğat ruporu vasitəsilə erməniləri öz tərəfinə çəkmək cəhdidir. Moskva Paşinyan hökuməti ilə münasibətlərdə nə qədər problem yaşasa da, Ermənistanı öz təsirindən çıxarmaq fikrində deyil”, – deyə politoloq bildirib.

Arzuman Muradlı diqqətə çatdırıb ki, Rusiya rəsmilərinin az qala hamısı Ermənistan hakimiyyətini sərt şəkildə tənqid etdiyi halda, Rusiyanın Federal Agentliyi olan “Rossotrudniçestvo”nun rəhbəri İqor Çayka iki ölkə arasındakı münasibətləri “normal” adlandırıb.

Politoloq hesab edir ki, bu açıqlamanın arxasında konkret məqsəd dayanır.

“Burada səbəb kifayət qədər sadədir. “Rossotrudniçestvo” Ermənistanın Artaşat və Aştarek şəhərlərində yeni “Rus evləri” açacaq. Ona görə də təşkilatın rəhbəri münasibətləri “normal” göstərməyə çalışır. Amma siyasi reallıq bunun tam əksini deyir”, – deyə Arzuman Muradlı vurğulayıb.

Onun sözlərinə görə, “Rus evləri”nin müxtəlif ölkələrdəki fəaliyyəti və funksiyası artıq heç kimə sirr deyil.

“Bu qurumları sadəcə mədəniyyət və humanitar əməkdaşlıq adı altında təqdim etmək kifayət deyil. Müxtəlif ölkələrdə “Rus evləri”nin hansı məqsədlərə xidmət etdiyi, Moskvanın yumşaq güc və informasiya təsirinin yayılmasında hansı rol oynadığı məlumdur. Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə onların fəaliyyətinin dayandırılması təsadüfi qərar olmayıb”, – politoloq bildirib.

Arzuman Muradlı qeyd edib ki, Moskva bununla kifayətlənmir. “Rossotrudniçestvo” Ermənistanla yanaşı, müxtəlif ölkələrdə daha 11 “Rus evi” açmağı planlaşdırır.

Politoloq hesab edir ki, bütün bunlar Rusiyanın təsir imkanlarını itirmədiyini, sadəcə həmin təsirin yeni kanallarla həyata keçirilməsinə çalışdığını göstərir.

“İndi əsas sual Nikol Paşinyana ünvanlanmalıdır: Əgər Ermənistan hakimiyyəti həqiqətən Rusiyanın ölkəyə təsir alətlərini neytrallaşdırmağa çalışırsa, o zaman Moskvanın əsas yumşaq güc platformalarından birinin ölkədə genişlənməsinə niyə icazə verir? Bu, açıq siyasi ziddiyyətdir”, – deyə Arzuman Muradlı bildirib.

Politoloqun fikrincə, Paşinyanın Rusiyadan uzaqlaşma siyasəti ilə “Rus evləri”nin Ermənistanda genişləndirilməsi arasında ciddi uyğunsuzluq var.

“Moskva Ermənistanı tərk etmir. Sadəcə, Paşinyan hakimiyyəti ilə birbaşa mübarizədən geri çəkilib erməni cəmiyyətinə çıxış yollarını genişləndirir. Yəni Kreml oyundan çıxmayıb, sadəcə oyun meydanını dəyişib. “Rus evləri” də bu yeni oyunun əsas alətlərindən birinə çevrilə bilər”, – deyə politoloq fikirlərini yekunlaşdırıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki