“Azərbaycan ilə Avropa Parlamenti (AP) arasında yaranan gərginlik təsadüfi deyil və daha çox Fransanın regionda uğursuz hesab olunan siyasəti ilə əlaqələndirilir. Hazırda Avropa Parlamenti müəyyən mənada fransız bürokratik dairələrinin təsiri altındadır.”– bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Arzuman Muradlı hesab edir ki, AP-yə deputat seçkiləri formal xarakter daşıyır və bu proseslərdə Fransanın müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərinin rolu böyükdür.
Onun fikrincə, seçilmiş deputatlar yüksək maaş və imtiyazlar müqabilində əsasən müəyyən siyasi istiqamətlər üzrə səsvermələrdə iştirak edirlər və bu, Fransaya Avropa İttifaqının qərarverici strukturlarına təsir imkanları yaradır.
“Fransa Prezidenti Emmanuel Makronun İrəvan səfəri ərəfəsində Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsi planlı addım kimi qiymətləndirilir. Bu addımın Bakı ilə İrəvan arasında formalaşan sülh gündəliyinə mənfi təsir göstərmək məqsədi daşıdığı qeyd olunur”- deyə politoloq bildirib.
Arzuman Muradlıya görə, bu yanaşmanın arxasında duran əsas səbəblərdən biri Fransanın və ümumilikdə Avropa İttifaqının regiondakı iri iqtisadi və nəqliyyat layihələrindən kənarda qalmasıdır.
“Xüsusilə Orta Dəhliz və digər strateji təşəbbüslərin Fransa üçün siyasi və iqtisadi baxımdan itkilər yaratdığı bildirilir.Azərbaycan Milli Məclisinin son qərarları ölkənin Avropa Parlamentini artıq ciddi təsir aləti kimi qəbul etmədiyini göstərir. Bu mövqe Bakının xarici təzyiqlərə qarşı daha sərt və müstəqil yanaşma sərgilədiyini ifadə edir.”- deyə Arzuman Muradlı bildirib.





















