image-1backend

Avropa qovrulur, Azərbaycanda yazdır: “Çərxi-fələyi” tərsinə dövran etdirən nədir?

image-ads-728x90

Son günlər Azərbaycanda müşahidə olunan sərin və yağıntılı hava, eləcə də Avropanı cənginə alan rekord istilər iqlim dəyişikliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bir tərəfdə iyun ayının sonlarında davam edən intensiv yağıntılar və daşqınlar, digər tərəfdə isə həddindən artıq istilərin yaratdığı ağır fəsadlar diqqət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təkcə iyunun 21-dən bəri Avropada həddindən artıq istilərlə əlaqəli 1300-dən çox ölüm qeydə alınıb.

Maraqlıdır, əvvəllər anomal istilərlə daha çox gündəmə gələn Azərbaycanda sərin, Avropada isə rekord istilərin yaşanması nə ilə bağlıdır? Bu anomallıq nəyin göstəricisidir?

Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran ekoloq Qorxmaz İbrahimli bildirdi ki, bütün bu kimi hadisələrdə qlobal iqlim dəyişikliyinin təsiri var:

“Bakıda və ümumilikdə Azərbaycanda yay mövsümü adətən iyunun 22-dən etibarən daha aydın hiss olunmağa başlayır və sonrakı dövrdə davam edir. Bu, normal haldır. Lakin iqlim dəyişikliyi ilə bağlı yayılan məlumatlar fonunda insanlar narahat olmağa başlayıblar. Əslində isə son illərə baxsaq, iki il əvvəl də iyun ayı yağıntılı olmasa da? kifayət qədər sərin keçmişdi. Ötən il də oxşar vəziyyət müşahidə olunmuşdu.

Azərbaycan mülayim subtropik iqlim qurşağında yerləşir. Bu qurşaq üçün yay fəslində uzunmüddətli yağıntılı hava xarakterik deyil. Buna görə də iyun ayında yağıntıların çox olması müəyyən mənada anomallıq hesab oluna bilər. Bu fikirlə razıyam və hesab edirəm ki, burada qlobal iqlim dəyişikliyinin təsiri var.

Çünki qlobal istiləşmə nəticəsində temperatur yüksəlir, buxarlanma artır və nəticədə yağıntılar formalaşır. Hətta bəzən yağıntılar əvvəllər gözlənilməyən ərazilərdə müşahidə olunur. Bunlar iqlim dəyişikliyinin əsas xüsusiyyətlərindən biridir.

Hazırda qütb bölgələrində də istiləşmə prosesi gedir. Bu o demək deyil ki, orada temperatur birdən-birə 40 dərəcəyə çatır. Lakin temperaturun cüzi artması belə Yer kürəsinin ümumi iqlim sisteminə ciddi təsir göstərir”.

Ekoloqun sözlərinə görə, son illər Avropada müşahidə olunan rekord istilər də eyni prosesin nəticəsidir:

“Bizdə yaz və yayın əvvəli sərin və yağıntılı keçdiyi dövrdə? Avropada əksinə, kəskin istilər hökm sürürdü. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, iyunun 21-dən bəri Avropada həddindən artıq istilərlə əlaqələndirilən 1300-dən çox ölüm hadisəsi qeydə alınıb. Mən bu rəqəmin müəyyən qədər şişirdilmiş ola biləcəyini düşünürəm. Çünki statistikaya boğulma və digər dolayı səbəblərdən baş verən ölümlər də daxil edilə bilər.

Əvvəllər də Hindistan kimi isti iqlimli ölkələrdə hər il yüzlərlə insanın istinin təsirindən həyatını itirməsi halları olurdu. İndi isə belə hadisələrin Avropada da baş verməsi iqlim dəyişikliyinin təsirinin daha geniş coğrafiyada hiss olunduğunu göstərir.

İqlim dəyişikliyi hər il özünü göstərdiyi kimi, bu il də Avropada öz təsirini göstərdi. Orada yay mövsümü daha tez başladı və kəskin istilərlə müşayiət olundu. Azərbaycanda da isti hava müşahidə olunur. Son günlər bəzi bölgələrdə temperatur 33-35 dərəcəyə çatdı. Sonrakı yağıntılar havanı nisbətən sərinləşdirdi. Bununla belə, iyulun əvvəlində də qısamüddətli yağıntılar mümkündür. Ancaq ümumilikdə hava isti olacaq və biz normal yay mövsümünü yaşayacağıq. Buna görə də panikaya düşməyə ehtiyac yoxdur. Sadəcə, təmkinli olmaq lazımdır”.

Q. İbrahimli hesab edir ki, iqlimdə baş verən dəyişikliklər insanın təbiətə uzun illər ərzində vurduğu ziyanın nəticəsidir:

“Bu hadisələri müəyyən mənada təbiətin insanlara qaytardığı bumeranq kimi qiymətləndirmək olar. Xüsusilə XX və XXI əsrlərdə təbiətə vurduğumuz zərərin nəticələrini bu gün iqlim hadisələri şəklində görürük. Təbiəti qorumaq, yaşıllıqları məhv etməmək, meşələrə diqqətlə yanaşmaq və plastik tullantıları düzgün utilizasiya etmək lazımdır. Əks halda, gələcəkdə təkcə isti ilə deyil, daha sərt iqlim hadisələri ilə də üzləşəcəyik.”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki