Dünya enerji bazarında artan gərginlik Azərbaycan neftinin qiymətini yenidən kəskin yüksəldib. Son təsdiqlənmiş məlumatlara görə, “Azeri Light” markalı neftin bir barelinin CIF qiyməti 120,02 dollara, Türkiyənin Ceyhan limanındakı FOB qiyməti isə 114,58 dollara çatıb.
Korrekt.az xəbər verir ki, bu göstəricilər sentyabrın 12-də açıqlansa da, faktiki olaraq son iş günü – 11 sentyabr cümə sessiyasının nəticələrini əks etdirir.
Bəzi məlumat bazalarında “Azeri Light”ın qiyməti 124,06 dollar göstərilir. Ancaq həmin rəqəm iki günlük gecikmə ilə təqdim olunur və 14 sentyabrın canlı satış qiyməti deyil. Bazarın həftəsonu bağlı olduğu nəzərə alınarsa, hazırda əsas etibarlı göstərici 120,02 dollardır. Bazar ertəsinin yeni “Azeri Light” qiyməti isə hələ açıqlanmayıb.
Bu gün Brent markalı neft 107,6–108,2 dollar ətrafında satılır. “Azeri Light”ın Brentdən baha olmasının iki əsas səbəbi var. Azərbaycan nefti yüngül və azkükürdlüdür, buna görə ondan yüksək keyfiyyətli benzin və dizel istehsal etmək daha sərfəlidir. Digər mühüm üstünlük ixrac marşrutudur: “Azeri Light” Bakı–Tbilisi–Ceyhan kəməri ilə Aralıq dənizinə çıxarılır və təhlükəli Hörmüz boğazından keçmir.
Reuters-in məlumatına görə, Hörmüzdən keçən neftin gündəlik həcmi müharibədən əvvəlki səviyyənin təxminən yarısına – 10 milyon barelə düşüb. Körfəzdə qalan neft böyük endirimlə təklif olunduğu halda, Hörmüzdən asılı olmayan neft markaları əlavə qiymət üstünlüyü qazanır.
Qiymət artımının digər səbəbi Səudiyyə Ərəbistanının Hörmüzdən yan keçən Şərq–Qərb neft kəmərinin dron hücumundan sonra dayanmasıdır. Gündə təxminən 4 milyon barel neft daşıyan kəmərin uzun müddət işləməməsi qlobal təchizatın 4 faizədək hissəsini riskə ata bilər. Husilərin Bab əl-Məndəb istiqamətində irəliləməsi isə Qırmızı dəniz marşrutunu da təhlükə altına salıb.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir bareli 65 dollardan hesablanıb. Son CIF qiyməti büdcə göstəricisindən 55 dollar və ya təxminən 85 faiz yuxarıdır. Bu fərq Dövlət Neft Fondunun gəlirləri, valyuta ehtiyatları, tədiyə balansı və manatın sabitliyi üçün böyük maliyyə üstünlüyü yaradır.
Lakin 120 dolların hamısı dövlətin xalis gəliri deyil. CIF qiymətinə daşınma və sığorta xərcləri daxildir. Hasilat xərcləri, xarici şirkətlərin müqavilə payları və digər ödənişlər də nəzərə alınmalıdır. Üstəlik, Azərbaycanda neft hasilatı azalır. ABŞ Energetika İnformasiya Administrasiyası 2026-cı ildə ölkənin orta gündəlik hasilatını 550 min barel, ilin ikinci yarısı üçün isə 540 min barel səviyyəsində proqnozlaşdırır.
Bahalı neftin əhali üçün riskli tərəfi də var. Qlobal yanacaq, daşıma, aviasiya və ərzaq xərclərinin artması idxal qiymətləri vasitəsilə Azərbaycan bazarına keçə bilər. Yəni dövlətin neft gəlirləri artsa da, vətəndaş daha bahalı məhsul və xidmətlərlə üzləşə bilər.
Hazırkı qiyməti daimi gəlir hesab etmək də doğru olmaz. Hörmüzdə razılaşma əldə edilməsi, Səudiyyə kəmərinin bərpası və ABŞ–İran danışıqlarının başlanması neft qiymətlərini qısa müddətdə aşağı sala bilər.
120 dollarlıq Azərbaycan nefti ölkə üçün böyük maliyyə nəfəsliyidir. Ancaq bu yüksəlişi müharibə yaradıb. Müharibənin qaldırdığı qiyməti sülh bir gündə endirə bilər.Musavat.com





















