Xəbər verildiyi kimi, Ermənistan bu il oktyabrın 18–30-da keçiriləcək BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci (COP17) sammitinə ev sahibliyi etməyə hazırlaşır. Rəsmi İrəvan Azərbaycan nümayəndə heyətini tədbirdə qəbul etməyə hazır olduğunu bəyan edib.
Korrekt.az-ın məlumatına görə, bu barədə Ermənistanın ətraf mühit naziri Ambarsum Matevosyan açıqlama verib. Onun sözlərinə görə, COP17 ilə bağlı bildirişlər artıq 196 üzv ölkəyə göndərilib və yaxın günlərdə rəsmi dəvətlər ünvanlanacaq.
Qeyd edək ki, Ermənistan 2024-cü ildə Bakıda keçirilmiş COP29 iqlim sammitində iştirak etməyib. Bu fonda Azərbaycan tərəfinin İrəvandakı COP17 sammitinə qatılıb-qatılmayacağı maraq doğurur.
Mövzu ilə bağlı iqtisadçı ekspert, iqtisad üzrə fəlsəfə doktoru Arzuman Muradlı bildirib ki, Azərbaycan nümayəndə heyətinin bu tədbirə qatılması ehtimalı azdır. Onun fikrincə, Ermənistanın dəvəti daha çox zərurətdən irəli gələn taktiki addım təsiri bağışlayır:
“İrəvan beynəlxalq ictimaiyyət qarşısında konstruktiv və açıq mövqe nümayiş etdirməyə çalışa bilər. Lakin Ermənistan nümayəndə heyətinin qeydiyyatdan keçməsinə baxmayaraq, Bakıda keçirilən COP29-da iştirak etməməsi göstərdi ki, bu ölkə üçün regional və beynəlxalq əməkdaşlıq hələ də situativ və daxili siyasi konyunkturadan asılıdır”.
Ekspert vurğulayıb ki, COP29 Azərbaycan üçün sadəcə texniki iqlim tədbiri deyildi. Bu sammit eyni zamanda işğaldan azad edilmiş ərazilərdə baş vermiş ekoloji fəlakətin miqyasını və Ermənistanın uzun illər ərzində törətdiyi ekoloji vandalizmi beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından mühüm platforma idi:
“Ermənistanın bu tədbiri boykot etməsi faktiki olaraq mövcud reallıqlardan yayınmaq və göz önündə olan həqiqətlərdən qaçmaq cəhdi kimi qiymətləndirilə bilər”.
Arzuman Muradlı qeyd edib ki, Azərbaycan beynəlxalq tədbirlərdə iştirak məsələsinə emosional deyil, rasional və milli maraqlar prizmasından yanaşır. Onun sözlərinə görə, Vaşinqton sammitindən sonra regional reallıqlar dəyişib və sülh gündəliyinin irəli aparılması üçün yeni mərhələ başlayıb:
“Bu baxımdan, Ermənistanın COP17 ilə bağlı dəvətinin yalnız ekoloji platforma çərçivəsində və institusional müstəvidə dəyərləndirilməsi ehtimalı da istisna deyil”.






















