Son illərdə Azərbaycanda doğum səviyyəsində müşahidə olunan azalma demoqrafik mənzərədə ciddi dəyişikliklər yaradıb. 1990-cı illərdən başlayan sosial-iqtisadi transformasiyalar və ailə modelinin dəyişməsi təbii artım göstəricilərinə də təsir edib.
Statistik rəqəmlərə əsasən, təbii artımın 180 mindən 60 minə düşməsi bu tendensiyanın nə qədər sürətlə dərinləşdiyini göstərir. Bu proses həm iqtisadi, həm də sosial-psixoloji amillərlə izah olunur və gələcək üçün narahatlıq doğurur.
Bu azalma hansı əsas səbəblərlə bağlıdır və qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Azərbaycan ailələrinin müasir zamanda uşaq istəməsinin əsas səbəbləri nədir?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, təbii artımın, doğumun azalması qlobal tendensiyadır. Bu, bütün dünyada davam edən bir prosesdir və Azərbaycanda da ciddi azalma müşahidə olunur.
Sosioloq məsələnin səbəblərini şərh edərkən qeyd edib ki, bu, əsasən mənəvi deqredasiyanın nəticəsidir: “Hərçənd bəzi şəxslər daha çox sosial-maddi faktorları önə çəkməyə çalışırlar, lakin bunun üçün kifayət qədər əsas yoxdur. Sosial araşdırmalar və müşahidələr göstərir ki, evliliklərin azalması və ailədə uşaqların sayının aşağı düşməsi birbaşa mənəvi deqredasiyanın təsiri ilə bağlıdır. Müasir həyat tərzi, xüsusilə gənclərin daha çox özləri üçün yaşamaq istəyi və eqoist psixologiyanın yayılması bu prosesə təsir edir. İnsanlar açıq şəkildə bildirirlər ki, yalnız özləri üçün yaşamaq istəyirlər və dünyaya əlavə uşaq gətirmək istəmirlər. Bəzi ailələrdə çoxuşaqlılığın mövcud olmasında sosial-maddi faktorların müəyyən rolu olsa da, maddi cəhətdən imkanlı ailələrdə belə uşaqların sayı minimum səviyyədə, adətən bir və ya iki olur. Bu da göstərir ki, əsas səbəb nə maddi, nə də sosial amillərdir; başlıca faktor mənəvi-psixoloji vəziyyətdir”.
Sosioloqun fikrincə, bu vəziyyət aparılan təbliğatların da nəticəsidir: “Müasirlik və azadlıq adı altında gənclərin psixologiyası dəyişib, daha çox fərdi maraqlara yönəlmiş bir gənclər qrupu formalaşıb. Bu isə milli genofond üçün təhlükə yaradır, əhalinin qocalmasına səbəb olur və demoqrafik problemləri dərinləşdirir. Ona görə də bu məsələlərin həlli və qarşısının alınması vacibdir. Müxtəlif ölkələrin bu sahədə təcrübəsi və mübarizə yolları mövcuddur. İlk növbədə ailə dəyərlərinin təbliği, gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması və ailə institutunun gücləndirilməsi vacibdir. Ailələrdə ən azı iki-üç uşağın olmasının əhəmiyyəti izah edilməlidir”.
E.Bayramlı vurğulayıb ki, digər tərəfdən, sosial-maddi dəstək tədbirləri də həyata keçirilməlidir: “Məsələn, dövlət tərəfindən xüsusi proqramlar hazırlanaraq gənc ailələrin mənzillə təmin olunmasına güzəştlər tətbiq edilə bilər. Uzunmüddətli kreditlər vasitəsilə ailələrin mənzil şəraitinin yaxşılaşdırılması mümkündür. Həmçinin gənclərin məşğulluq məsələsi həll olunmalı, onların sabit işlə təmin edilməsi istiqamətində tədbirlər görülməlidir.
Ümumiləşdirsək, uşaqlıqdan ailə və milli adət-ənənələrin aşılanması, eləcə də dövlətin dəstəyi və məqsədyönlü proqramların həyata keçirilməsi bu problemin aradan qaldırılmasına kömək edə bilər”.





















