image-1backend

AZƏRBAYCANDA ÖDƏNİŞLİ HƏRBİ XİDMƏT TƏTBİQ OLUNA BİLƏR? – Hərbi ekspertdən ŞƏRH

image-ads-728x90

Azərbaycanda hərbi xidmətin müddətinin dəyişdirilməsi və alternativ olaraq ödənişli hərbi xidmət modelinin tətbiqi məsələsi vaxtaşırı ictimai müzakirələrdə gündəmə gəlir. Bu istiqamətdə mümkün dəyişikliklər xüsusilə gənclərin hərbi xidmətə çağırışı və ölkənin müdafiə qabiliyyətinin təmin olunması baxımından diqqət çəkir.

Yaxın zamanda Azərbaycanda hərbi xidmət müddətinin azaldılması gündəmə gələ bilərmi? Ödənişli hərbi xidmət modelinin tətbiqi real perspektiv kimi qiymətləndirilirmi?

Mövzu ilə bağlı  açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət məsələsi Azərbaycanda həm hüquqi, həm də hərbi-strateji baxımdan müzakirə oluna bilər. Lakin hazırkı vəziyyətə əsasən, yaxın zamanda müddətli hərbi xidmətin kəskin şəkildə azaldılması və ya ödənişli hərbi xidmət modelinin tətbiqi ilə bağlı qəbul edilmiş konkret qərarın olduğunu söyləmək üçün əsas yoxdur.

Onun sözlərinə görə, hazırda qüvvədə olan qaydalara əsasən, müddətli həqiqi hərbi xidmət ali təhsili olan şəxslər üçün 1 il, digər əsgər, matros və çavuşlar üçün isə 1 il 6 ay təşkil edir: “2025-2026-cı illərdə hərbi xidmət qanunvericiliyinə bir sıra dəyişikliklər edilsə də, həmin dəyişikliklər xidmət müddətinin ümumi şəkildə azaldılmasına və ya ödənişli hərbi xidmət modelinə keçidə yönəlməyib. 30 dekabr 2025-ci il tarixli dəyişikliklərlə qanundakı bəzi altıaylıq müddəalar çıxarılıb və hərbi xidmətlə bağlı müəyyən məsələlər yenidən tənzimlənib. 2026-cı ilin fevralında isə Milli Məclisdə hərbi xidmətlə bağlı yeni dəyişiklik layihəsi təqdim edilib”.

Ekspert xidmət müddətinin azaldılmasını tamamilə mümkünsüz hesab etməsə də, yaxın perspektivdə bunun yüksək ehtimallı dəyişiklik kimi qiymətləndirilməsini hələ tez sayır: “Burada əsas məsələlərdən biri Azərbaycanın təhlükəsizlik mühiti və Silahlı Qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsidir. 2026-cı il çağırış sərəncamlarında da Silahlı Qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsi məsələsi xüsusi vurğulanıb. Bu baxımdan, xidmət müddətinin 18 aydan 12 aya endirilməsi yalnız sosial tələb kimi deyil, hərbi hazırlıq və komplektləşdirmə ilə bağlı digər amillərlə birlikdə nəzərdən keçirilməlidir”.

E.Şıxəliyev hesab edir ki, belə dəyişiklik üçün ordunun tələbləri də nəzərə alınmalıdır. Buraya peşəkar hərbi qulluqçuların sayının artırılması, ehtiyatda olan hərbi potensialın formalaşdırılması, eləcə də çağırışçıların daha intensiv və keyfiyyətli hazırlanması kimi məsələlər daxildir: “Real ssenari birdən-birə böyük dəyişiklikdən daha çox, mərhələli modelin tətbiqi ola bilər. Belə bir modeldə peşəkar hərbi qulluqçuların payının artırılması, çağırış xidmətinin optimallaşdırılması və müəyyən kateqoriyalar üzrə fərqli xidmət mexanizmlərinin tətbiqi nəzərdə tutula bilər. Ödənişli hərbi xidmət məsələsi isə daha mürəkkəbdir. Bu model tətbiq ediləcəyi təqdirdə onun hüquqi çərçivəsi və sosial nəticələri əvvəlcədən dəqiq müəyyənləşdirilməlidir.

Ödənişli hərbi xidmət alternativ xidmət anlayışı ilə də eyniləşdirilə bilməz. Konstitusiyanın 76-cı maddəsində qanunda nəzərdə tutulmuş hallarda alternativ xidmət imkanının tanınması nəzərdə tutulsa da, ödənişli hərbi xidmətin mahiyyəti fərqli ola bilər. Bu model müəyyən şərtlərə cavab verən şəxslərin daha qısa müddətli hərbi hazırlıq keçməsi və bunun müqabilində müəyyən edilmiş ödənişi etməsini nəzərdə tuta bilər”.

Ekspertin fikrincə, belə yanaşmanın Azərbaycanda çağırış sisteminə tətbiqi üçün hələ tezdir: “Əsas risklərdən biri sosial bərabərliyin pozulmasıdır. Çünki ödənişli xidmət yalnız maddi imkanları olan şəxslərin daha qısa müddət xidmət keçməsinə çevrilərsə, cəmiyyətdə bunun “pulla hərbi xidmətdən yayınmaq” kimi qəbul edilməsi mümkündür. Bu səbəbdən belə modelin tətbiqi gündəmə gələrsə, onun hüquqi və sosial mexanizmləri olduqca dəqiq müəyyənləşdirilməlidir. Hazırkı mərhələdə isə xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmətin tətbiqi ilə bağlı yüksək hazırlıq mərhələsində olan açıq qərarın mövcudluğuna dair əsas görünmür. Bununla belə, mövzu müzakirəyə açıq olaraq qalır.

Orta müddətli perspektivdə hərbi xidmət sisteminin yenidən modelləşdirilməsi daha real istiqamət kimi nəzərdən keçirilə bilər. Xüsusilə Azərbaycan ordusunun texnoloji və peşəkar səviyyəsinin yüksəldilməsi fonunda çoxsaylı çağırışçı modelindən daha peşəkar, texnologiyaya əsaslanan və effektiv hazırlıq sisteminə keçid məsələsi gündəmə gələ bilər”.

Ekspertin qənaətinə görə, Azərbaycan üçün tam ödənişli hərbi xidmətdən daha çox qarışıq model məqsədəuyğun ola bilər: “Bu halda əsas çağırış sistemi saxlanılmaqla xidmət müddəti optimallaşdırıla, peşəkar hərbi qulluqçuların sayı artırıla və müəyyən kateqoriyalar üçün qısa müddətli intensiv hərbi hazırlıq mexanizmi yaradıla bilər”.AzPolitika



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki