Ət bazarında qiymət artımı əhalinin gündəlik xərclərinə ciddi təsir edən məsələlərdən biridir. Qanunsuz heyvan kəsimlərinin geniş yayılması isə həm bazarda ədalətsiz rəqabət mühiti yaradır, həm də məhsulların keyfiyyəti, nəzarət və sanitar tələblərlə bağlı suallar doğurur.
Bəs qanunsuz kəsimlərin qarşısının alınması və heyvan mənşəli məhsulların qanuni, nəzarətli şəkildə bazara çıxarılması ət qiymətlərinin sabitləşməsinə nə dərəcədə təsir edə bilər?
Mövzu ilə bağlı Konkret.az-a danışan iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, qanuni və qanunsuz heyvan kəsimlərini müqayisə etdikdə ilk növbədə ədalətsiz rəqabət problemi ortaya çıxır.

“Qanuni ət kəsimi müəyyən xərclərlə müşayiət olunur və bu da məhsulun daha baha satılmasına səbəb olur. Qanunsuz kəsimlərdə isə həmin xərclər bir o qədər olmur. Bu da həm rəqabət mühitinə, həm də alıcılıq qabiliyyətinə təsir göstərir”.
Günay Hüseynova qeyd edib ki, tam formalaşmış və nəzarət altında fəaliyyət göstərən kəsim müəssisələrinin olması həm rəqabət mühitinin, həm də sanitar şəraitin təmin edilməsi baxımından əhəmiyyətlidir:
“Əslində, tam formalaşmış kəsim müəssisələri fəaliyyət göstərsə və burada müvafiq nəzarət həyata keçirilsə, sanitar şərait baxımından daha əlverişli vəziyyət yaranar. Təbii ki, bu, hazırda qanunsuz fəaliyyət göstərən bütün kəsim yerlərində antisanitar şəraitin olduğu anlamına gəlmir. Sadəcə, qanuni fəaliyyətlə bağlı xərclərin artması qiymətlərə də təsirsiz ötüşmür”.
Ekspertin fikrincə, ət bazarında qiymətlərə təsir edən əsas amillərdən biri də heyvandarlıq sektorunda daxili tələbatın yerli istehsal hesabına tam təmin edilməməsidir.
“Qiymətlər müəyyən qədər tənzimlənirsə, bu da müəyyən mənada idxal hesabına baş verir. Çünki heyvandarlıq sahəsində daxili bazarın yerli məhsulla təmin edilməsi kifayət qədər deyil.
Ümumiyyətlə, düşünürəm ki, ciddi islahatlara ehtiyac olan sahələrdən biri də məhz heyvandarlıq və ət qiymətləri ilə bağlıdır. Məsələn, minimum əməkhaqqı ilə çalışan bir insan təxminən iki gün işləməlidir ki, bir kiloqram ət ala bilsin. 400 manatın 30 günə bölünməsi təxminən 13,33 manat edir”.
Ekspert əlavə edib ki, əməkhaqqı sistemində saatlıq ödəniş mexanizminə keçid gələcəkdə bu cür uyğunsuzluqların tənzimlənməsinə müəyyən qədər kömək edə bilər.
Beləliklə, qanunsuz heyvan kəsimlərinin qarşısının alınması bazarda şəffaf rəqabət mühitinin formalaşmasına, məhsulların keyfiyyətinə və sanitar təhlükəsizliyinə nəzarətin gücləndirilməsinə imkan verə bilər. Lakin ət qiymətlərinin sabitləşdirilməsi üçün yalnız kəsim prosesinə nəzarətin gücləndirilməsi kifayət deyil. Yerli heyvandarlığın inkişafı, daxili istehsalın artırılması, idxaldan asılılığın azaldılması və əhalinin gəlirləri ilə ərzaq qiymətləri arasındakı fərqin minimuma endirilməsi də əsas istiqamətlərdən olmalıdır.





















