image-1backend

Pul eyni puldur, amma alınanlar azalıb: 100 manatın sirri

image-ads-728x90

Ərzaq qiymətlərindəki artım ailələrin gündəlik xərclərinə və alış-veriş imkanlarına təsir edir. Bəs 100 manatın alıcılıq qabiliyyəti nə qədər dəyişib, hansı məhsullar daha çox bahalaşıb və ərzaq xərcləri ailə büdcəsinin nə qədərini təşkil edir?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, burada ən vacib məqam odur ki, inflyasiyanın 5,7 faiz olması o demək deyil ki, hər ailənin aldığı bütün məhsullar eyni dərəcədə 5,7 faiz bahalaşıb. Onun sözlərinə görə, istehlak səbətində ərzağın payı böyük olduğuna görə ailələr qiymət artımını xüsusilə gündəlik alış-veriş zamanı daha güclü hiss edirlər:

“2026-cı ilin yanvar-iyul aylarında ümumi istehlak qiymətləri 5,7 faiz, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə isə 6,8 faiz artıb. Sadə hesabla, əgər bir il əvvəl 100 manata alınan eyni istehlak səbətinin qiyməti indi orta hesabla 105,7 manata çatıbsa, bugünkü 100 manat əvvəlki ilin təxminən 94,6 manatlıq alıcılıq qabiliyyətinə bərabərdir. Yəni 100 manatın ümumi alıcılıq qabiliyyəti təxminən 5,4 faiz azalıb. Ərzaqda qiymət artımı 6,8 faiz götürüldükdə isə ərzağa xərclənən 100 manatın real alıcılıq qabiliyyəti təxminən 93,6 manat səviyyəsinə düşür”.

Ekspert qeyd edib ki, bu, orta göstəricidir. Onun fikrincə, konkret ailənin hiss etdiyi bahalaşma onun nə aldığına görə daha yüksək və ya aşağı ola bilər:

“Üstəlik, 100 manatın alıcılıq qabiliyyətinə yalnız bir ilin inflyasiyası ilə baxmaq düzgün deyil. 2025-ci ilin yekununda da ümumi istehlak qiymətləri 5,6 faiz, qida məhsulları üzrə isə 6,8 faiz artmışdı. Deməli, 2025 və 2026-cı illərdə qiymətlər ardıcıl olaraq yüksəlib. Bu iki dövrün orta illik göstəricilərini sadə şəkildə toplamaq yox, mürəkkəb təsirlə hesablamaq lazımdır. Məsələn, ümumi inflyasiya üzrə 5,6 faiz və daha sonra 5,7 faiz artım 100 manatlıq səbətin qiymətini təxminən 111,6 manata çıxarır. Başqa sözlə, iki il əvvəl 100 manata alınan orta istehlak səbətini bu gün almaq üçün təxminən 111-112 manat lazım gəlir. Ərzaqda isə iki ardıcıl 6,8 faizlik artım təxminən 114 manatlıq xərc deməkdir. Buna görə əhalinin “100 manat əvvəlki kimi çatmır” hissi tamamilə real iqtisadi əsaslara malikdir”.

İqtisadçının sözlərinə əsasən, ailə büdcəsində ərzağın payı da bu məsələnin əhəmiyyətini artırır:

“Dövlət Statistika Komitəsinin ev təsərrüfatları büdcəsi məlumatlarına əsaslanan rəqəmlərə görə, istehlak xərclərinin təxminən 42,9 faizi qida məhsullarına yönəlir:

“Yəni orta hesabla ailənin istehlaka ayırdığı hər 100 manatın təxminən 43 manatı ərzağa gedir. Bu, kifayət qədər yüksək göstəricidir və ərzaq inflyasiyasının ailələrin rifahına niyə güclü təsir etdiyini izah edir. Ən çox hiss olunan bahalaşma isə insanların hər gün və ya tez-tez aldığı məhsullardadır. Ət və ət məhsulları, süd məhsulları, yumurta, yağ, çörək və taxıl məhsulları, tərəvəz və meyvələr ailənin gündəlik büdcəsinə birbaşa təsir edir. Məsələn, Dövlət Statistika Komitəsinin 2025-ci ilin sonuna dair məlumatlarında mal əti, balıq, süd məhsulları, yumurta, alma, armud, nar, qoz-fındıq, xiyar, pomidor və kartof kimi məhsullarda bahalaşmalar qeydə alınmışdı. Burada bir mühüm fərq də var: rəsmi orta inflyasiya ilə ailənin şəxsi inflyasiyası eyni olmaya bilər. Məsələn, gəlirinin böyük hissəsini ərzağa xərcləyən, ət, süd, yumurta və tərəvəzləri müntəzəm alan aşağı və orta gəlirli ailə qiymət artımını rəsmi 5,7 faizdən daha yüksək hiss edə bilər. Çünki onun istehlak səbətində bahalaşan ərzağın çəkisi orta statistik səbətdən daha böyükdür”.

A.Nəsirli həmçinin bildirib ki, digər tərəfdən, nominal gəlirlər də artırsa, real gəlir itkisi inflyasiyadan müəyyən qədər kompensasiya oluna bilər.

“2026-cı ilin ilk rübündə əhalinin nominal gəlirlərinin artımı 7 faiz, orta aylıq nominal əməkhaqqının artımı isə 5,3 faiz olub. Lakin gəlirin artım tempi qiymət artımından çox olmadıqda və ya ailənin əsas xərcləri orta inflyasiyadan daha sürətlə bahalaşdıqda insanlar gündəlik həyatda yenə də özlərini əvvəlkindən daha sıxılmış hiss edəcək.Ona görə məsələni yalnız “inflyasiya 5,7 faizdir” deyə qiymətləndirmək düzgün deyil. Azərbaycan ailəsinin real vəziyyətini anlamaq üçün gəlirin artımı ilə yanaşı, ailənin xərclərinin strukturuna baxmaq lazımdır. Əgər büdcənin təxminən 43 faizi ərzağa gedirsə və ərzaq qiymətləri ümumi inflyasiyadan daha sürətlə artırsa, qiymət artımının sosial təsiri daha ağır olur. Bu şəraitdə 100 manat nominal olaraq yenə 100 manatdır, amma onun bazardan aldığı məhsulun miqdarı azalır. Əhalinin gündəlik həyatda hiss etdiyi “pulun dəyərinin düşməsi” məhz bu prosesdir”, – deyə A.Nəsirli açıqlayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki