Məlum olduğu kimi, gələn ildən tütün məmulatları üzrə aksiz vergiləri artırılır.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Belə ki, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar üzrə aksiz dərəcəsi min ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata qaldırılır. İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynənilən və ya buruna çəkilən tütünlər üzrə aksizin dərəcəsi hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb.
Bəs gələn il tütün məmulatlarının qiyməti nə qədər bahalaşa bilər?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli danışıb:
“Tütün məmulatlarında qiymət artımı və aksiz vergilərinin yüksəldilməsi bir çox ölkələrdə geniş tətbiq olunan praktikadır. Demək olar ki, istənilən ölkədə dövlətlər bu sahədə daha rahat şəkildə qiymət artımına gedir, aksiz və digər vergiləri yüksəldir. Bunun əsas səbəbi isə tütün məhsullarının sosial əhəmiyyət daşıyan məhsullar sırasında yer almamasıdır. Məhz buna görə də belə qərarların cəmiyyət tərəfindən ciddi etirazla qarşılanmaması məntiqli sayılır və hökumətlər bu addımları əsasən sağlam həyat tərzinin təşviqi kimi təqdim edirlər.
Azərbaycan üçün də bu tendensiya yeni deyil. Son illərə nəzər salsaq, ölkəmizdə tütün məmulatları ilə bağlı bir neçə dəfə qiymət artımının şahidi olmuşuq. Xüsusilə son 5 il ərzində siqaret və digər tütün məhsullarının qiymətlərinin təxminən iki dəfəyə yaxın artdığı açıq şəkildə görünür. Mövcud proqnozlara əsasən, gələn ildən etibarən bu məhsulların qiymətində ən azı 25-30 faiz civarında artım gözlənilir. Çünki aksiz vergilərinin artırılması qaçılmaz olaraq son satış qiymətində öz əksini tapır. Yəni vergi yükü artdığı halda qiymət artımının olmaması praktik olaraq mümkün deyil və bazar buna mütləq reaksiya verir.
Lakin burada diqqət yetirilməli olan mühüm bir detal var. Həmin ölkələrdə ki, daxili bazarda tütün məmulatlarının qiyməti qonşu ölkələrlə müqayisədə həddindən artıq baha olur, bu, qaçaqmalçılıq riskini ciddi şəkildə artırır. Təcrübə göstərir ki, qiymət fərqi kəskinləşdikcə, tütün məmulatlarının qeyri-qanuni yollarla ölkəyə gətirilməsi də sürətlənir. Bu isə həm dövlət büdcəsinə zərbə vurur, həm də nəzarətsiz məhsulların bazara çıxması ilə əlavə risklər yaradır.
Məhz buna görə də bu sahədə “qızıl orta”nı tapmaq olduqca vacibdir. Dövlət bir tərəfdən sağlam həyat tərzini təşviq etməli, tütün məhsullarının əlçatanlığını azaltmalı, digər tərəfdən isə qiymətlərin qonşu ölkələrlə kəskin fərqlənməsinə yol verməməlidir. Əks halda, istənilən halda qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən tütün məmulatlarının sayında və həcmində ciddi artım qeydə alınacaq”.Musavat.com





















