Bu, Polşanın paytaxtı Varşava şəhərində, Vilcza küçəsi, 22 ünvanında yerləşən tarixi binanın fotosudur (Foto yazının sonunda təqdim edilir – red.). Bina Xaim Morqenştern və Bentsian Lotte adlı şəxslər tərəfindən sifariş edilib və memarları da Aleksander Voyde və Karol Kozlovski olub. Sənədələrə görə, 1910-1912-ci illərə aid ən böyük və ən bahalı mülklərindən biri kimi planlaşdırılmışdı.
Bina hazır olana yaxın Avropada biznes imkanları axtaran milyonçu Ağa Musa Nağıyev tərəfindən investisiya məqsədli olaraq satın alınıb.
Bu bina Varşavada İkinci Dünya müharibəsinin dağıntılarından qismən sağ çıxmış nadir binalardan biridir. Tarixi sənədlərdə bina daha çox Korvin-Krukovski ailəsinin mülkü kimi tanınır. 1907-ci ildən 1939-cu ilə qədər bina Henri Korvin-Krukovskiyə məxsus olub.
1913-1914-cü illərdə Nağıyev binanı almaq üçün elçi düşür və Henri Korvin-Krukovski adına sənədlər qalmaqla sahibi olur. Niyə məhz bu bina?
Tarqova küçəsi Varşavanın iki dəmiryol vağzalı arasında mərkəzdə yerləşirdi və Nağıyevin malları bu yollarla hərəkət edirdi. Həmin illərdə “Kamienica” (Gəlir evi) sahibi olmaq ən stabil biznes idi. Nağıyev Bakıda olduğu kimi, Varşavada da kirayə mənzillər və mağazalar vasitəsilə daimi gəlir əldə etmək istəyirdi.
Nağıyev bütün kapitalını Bakıya qoymaqdan çəkinirdi. O, sərvətini imperiyanın fərqli şəhərlərində (Sankt-Peterburq, Varşava, Batumi) daşınmaz əmlaka yatıraraq risk etmək istəmirdi. Başqa bir səbəb də o idi ki, Varşavada daşınmaz əmlakın qiyməti hər il 10-15% artırdı və Nağıyev gələcəkdə böyük kapital qazanmaq məqsədi güdürdü.
Binanın altında nəhəng soyuq anbarlar var idi. Tarqova küçəsi vağzallara yaxın olduğu üçün tacirlər mallarını burada saxlayıb kirayə haqqı ödəyirdilər. Bu, Nağıyevə təkcə mənzil kirayəsindən deyil, həm də logistikadan pul qazandırırdı.
İkinci Dünya müharibəsindən sonra Polşa Xalq Respublikası yarananda bina rəsmən dövlət mülkiyyətinə keçdi: sakinlərin yaşadığı yaşayış binasıdır və tarixi abidə kimi qorunur.
Mənbələrdə Nağıyevin Polşada digər mülkələrə sahib olması barədə qeydlər olsa da, əsas biznes mərkəzi bura sayılıb.
Binanın bəzi mənzillərində divarların içində xüsusi yanğına davamlı metal seyflər quraşdırılmışdı. Bu “seyfli mənzillər” Varşavada o qədər məşhur idi ki, adamlar növbəyə dururdular. 1914-cü ilin Varşava “Książka adresowa” baxdıqda görünür ki, Tarqova 14-ün sakinləri əsasən vəkillər, həkimlər və Rusiya-Polşa dəmiryolunun yüksək rütbəli mühəndisləri olub.
Nağıyev Varşavaya gələndə yerli musiqiçiləri binaya dəvət edir, burada kiçik konsertlər təşkil olunurdu. O, Varşava elitasına göstərmək istəyirdi ki, bir “neft kralı” təkcə neftdən deyil, həm də yüksək sənətdən anlayır.
Bu gün Tarqova 14-ə daxil olsanız, orada hələ də Nağıyev dövründən qalma mərmər pilləkənləri və metal məhəccərləri görə bilərsiniz.
Əgər 1917-ci il inqilabı olmasaydı, Tarqova-14 bəlkə də bu gün böyük bir “Nağıyev Holdinq”in Avropa baş qərargahı olacaqdı.
1944-cü ildə “Varşava üsyanı” zamanı demək olar ki, yerlə-yeksan edilmişdi, lakin Tarqova-14 demək olar ki, toxunulmaz qaldı. Yerli sakinlər arasında belə bir əfsanə gəzir ki, binanın sahibi olan o uzaq şərqli milyonçunun duaları və ya divarlara vurdurduğu hansısa “tilsim” binanı məhv olmaqdan qoruyub.
1920-ci ildən sonra Polşa tərəfi bu binanı “sahibi Sovet vətəndaşı olan” və ya “sahibi itkin düşmüş” mülk kimi qeydiyyata aldı. Arxivlərdəki “Księgi Wieczyste” qeydlərinə görə, 1920-ci illərin sonuna qədər bina hələ də “Nagijew” irsi olaraq tanınırdı, lakin idarəçilik Polşa dövlətinin təyin etdiyi qəyyumlar tərəfindən həyata keçirilirdi.
Zaur Əliyev





















