image-1backend

SSRİ-yə qarşı üsyana qalxmağa çalışan tələbələr: “İldırım”çıları hansı xalq şairi  satdı?  

image-ads-728x90

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər milli azadlıq ugurnda savaşan aydınlara qarşı savaş açdılar. Yüzlərlə ziyalı, vətənpərvər oğullarımız sürgünə göndərildi. Çoxsaylı oğullarımız sorğu-sualsız güllələndi. Böyük Vətən müharibəsinin başlanması milli azadlıq ideyalarını arxa plana atdığını düşünən SSRİ-nin xüsusi xidmət orqanları sonralar yanıldıqlarını etiraf etdilər. Müharibə şəraitində olan ölkədə əsasən türkdülli respublikalarda milli azadlıq hərəkatının alovlanması başladı. Bu hərəkat Azərbaycanda da artmağa başladı. 1940-ci ildə Qubada gənclərin 3 polisi öldürüb dağlara qaçması ildırım sürətilə ölkəyə yayıldı.

Tarix 1942-ci ili göstərəndə isə Bakıda gənclər bir araya gələrək yeni bir təşkilat yaratdılar. Məhz 1942-ci ildə Xalq yazıçısı Gülhüseyn Abdullayev, şərqşünaslar İsmixan Rəhimov və Hacı Zeynalov “İldırım” adlı təşkilat yaradırlar. Zamanla sayları 8 nəfərə çatan bu təşkilatın üzvləri Bakı Dövlət Universitetinin tələbələri idi.

“İldırım”ın əsas məqsədi Azərbaycanı Sovet İttifaqından ayırmaq, 1937-38-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların bəraət almasına nail olmaq, eləcə də Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq olub.

Repressiyanın tüğyan etdiyi bir vaxtda belə bir təşkilatın qurulması vətən sevgisinin çox yüksək həddə olduğu insanlarla mümkün idi.

“İldırımçılar” qərara gəlirlər ki, o zamanın öndə gedən sovet şairi Səməd Vurğuna məktub yazaraq dəstək istəsinlər. Gülhüseyn Hüseynoğlunun diktəsi ilə İsmixan Rəhimov çap hərflərinə bənzər bir xətdə məktub yazır. Onlar düşünürlər ki, “Dönməzlər” imzası ilə yazılmış bu məktub əl hərfləri ilə yazılmadığından ələ keçsə, xəttini tanımayacaqlar.

Lakin məktub Səməd Vurğun tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə çatdırılır. Bu faktı da İsmixan Rəhimovun özü şəxsən təsdiq edib. Amma Səməd Vurğunun başqa şansı yox idi, çünki onun özü də təqib olunurdu.

1945-ci ildə universitetlərdə bütün tələbələrin xətlərini yoxlama yazı işi bəhanəsi ilə əldə edirlər. Xəttatlıq elmi Sovetlər Birliyində elə inkişaf edibmiş ki, İsmixanın xəttini minlərlə tələbə arasından tanıyırlar. 9 ay izləyəndən sonra onu, daha sonra G.Hüseynoğlunu və digərlərini həbs edirlər.

Ali Məhkəmənin qərarı ilə İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu, Hacı Zeynalova güllələnmə cəzası verilir.

O illərdə güllələnmə hökmü müvəqqəti götürüldüyündən hökm 25 il həbslə əvəzlənir. Digər üzvlər isə 10 il həbs cəzasına məhkum edilirlər.

Nəhayət, Stalin öləndən sonra bir çox məsələlər kimi bu işə də yenidən baxmaq qərarı verilir və 1955-ci ilin mayında “İldırımçı”lar evlərinə qayıdırlar.

1980-ci illərin sonlarında milli-azadlıq mübarizəsinin başlaması ilə “İldırımçı”lar, nəhayət ki, gözlədikləri günə addım-addım yaxınlaşırlar.

Bu gün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanı görə bilməsələr də, “İldırımçı”ların ruhu artıq şaddır.

Qoşqar Salmanlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki