“Yeni il ərəfəsində ətin qiymətində müəyyən mövsümi bahalaşma gözlənilir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.
Onun sözlərinə görə, bayramqabağı dövrdə mal və qoyun ətinə tələbatın artması bazarda qiymətlərə təsir göstərə bilər. Bununla yanaşı, heyvandarlıq təsərrüfatlarında istehsal xərcləri, yemin qiyməti, heyvanların saxlanılması və daşınma xərcləri, eləcə də idxal ətinin qiyməti də bahalaşmaya təsir edən amillərdəndir.
Ekspert hesab edir ki, tələbatın artması avtomatik olaraq kəskin qiymət artımına səbəb olmayacaq. Bazarda kifayət qədər təklif olarsa, bahalaşmanın miqyası məhdud qala bilər. Əks halda, xüsusilə bayrama bir neçə gün qalmış qiymət artımı müşahidə edilə bilər.
Akif Nəsirli bu il kəskin qiymət sıçrayışından daha çox, müəyyən mövsümi bahalaşmanın baş verəcəyini ehtimal edir.
O, həmçinin bazarda süni qiymət artımlarına və vasitəçilərin əsassız qiymət manipulyasiyalarına nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.




















