Son dövrlərdə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində həlak olan azərbaycanlıların sayının artması ciddi narahatlıq doğurur. Bu vəziyyətin daha da dramatikləşdiyi bir məqam isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən bir qazimizin, Rusiyaya gedərək həmin işğalçı dövlətin ordusuna qoşulması və döyüşlərdə iştirak etməsidir. Bu, həm mənəvi, həm də hüquqi baxımdan çox mürəkkəb bir vəziyyətdir.
Məsələnin ciddiliyini və siyasi ölçüsünü vurğulamaq üçün qeyd etmək istəyirəm ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə iştirak edən azərbaycanlılar, digər işğalçı ölkələrin ordularına qoşulmuş şəxslərlə müqayisədə heç də fərqli bir mövqedə dayanmır. Mənim fikrimcə, bu müharibədə Rusiya ilə Ermənistan arasında heç bir fərq yoxdur. Həm Ermənistan, həm də Rusiya işğalçı ölkələrdir.
Bu vəziyyət, əslində, olduqca paradoksaldır: Azərbaycan əsgəri, bir tərəfdən, işğalçılığa qarşı mübarizə aparır, digər tərəfdən isə başqa bir müharibəyə qatılıb işğalçı ordusuna qoşulur. Bu, Suriyada terrorçularla döyüşən və Azərbaycan qanunlarını pozan şəxslərin vəziyyəti ilə müqayisə oluna bilər. Suriyadakı döyüşlərdə iştirak edənlər Azərbaycan qanunlarını pozduqlarına görə cinayət məsuliyyətinə cəlb olundular. Bəs, bu halda, Rusiyanın işğalçı müharibəsində iştirak edən azərbaycanlılar hansı hüquqi məsuliyyətə cəlb olunurlar? Əgər belə şəxslərə qarşı heç bir tədbir görülmürsə, Rusiya ordusuna qoşulan azərbaycanlıların sayı daha da artacaqdır.
Azərbaycanın müvafiq dövlət strukturları bu cür halların qarşısını almaq barədə düşünməlidir. Kreml, qeyri-rusları, o cümlədən azərbaycanlıları müxtəlif şirnikləndirici müqavilə təklifləri ilə öz ordusuna cəlb etməyə davam edəcək. Əgər bu məsələyə adekvat reaksiya verilməzsə, müharibələrə qatılan azərbaycanlıların sayı daha da artacaq, bu isə dövlətimizin ərazi bütövlüyü və milli maraqlarına qarşı ciddi təhdidlər yarada bilər.
Bir tərəfdən, Rusiya vətəndaşı olan azərbaycanlıların müqavilə əsasında Ukraynaya qarşı müharibədə iştirakı onların şəxsi seçimidir, amma bu da düzgün bir mövqe deyil. Digər tərəfdən, Rusiyada miqrant həyatı sürən azərbaycanlıların işğalçı müharibədə iştirak etməsi, ölkəmizin qanunlarına və beynəlxalq hüquqa ziddir.
Son olaraq, Ukrayna ordusunun əsir götürdüyü azərbaycanlılarla bağlı məlumatların artması, bu məsələnin nə qədər ciddi olduğunu bir daha ortaya qoyur. Azərbaycanın müvafiq qurumları, bu cür halların qarşısını almaq üçün dərhal tədbirlər görməlidir.
Elxan Şahinoğlu
Politoloq





















