Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə daxil olmasını qadağan edən qanun qüvvəyə minib. Avstraliya internet tənzimləyicisi (eSafety) tərəfindən verilən məlumata görə, dekabrın 10-dan etibarən Avstraliyada fəaliyyət göstərən sosial şəbəkələr uşaq və yeniyetmələrin hesablarını deaktiv etməlidir.
Korrekt.az xəbər verir ki, eSafety-nin bəyanatında bildirilir ki, bu yeni məhdudiyyətlər, gənc avstraliyalıların onlayn təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunur. “Bu gündən etibarən sosial media platformaları, istifadəçi hesablarını yaratmaq üçün 16 yaşdan yuxarı olmağı tələb edəcək. Bu, gənclərin inkişafının mühüm mərhələsində onların onlayn təhlükəsizliyini artıracaq”, – deyə tənzimləyici orqan qeyd edib.
Qadağa, Facebook, Instagram, Kick, Reddit, Snapchat, Threads, TikTok, Twitch, X və YouTube kimi sosial şəbəkələrə aiddir. Bu platformalar 16 yaşından kiçik avstraliyalıların hesab açmasını qadağan etmək üçün ağlabatan addımlar atmalıdır. Lakin, uşaqlar və yeniyetmələr hələ də qeydiyyat tələb olunmayan sosial mediada açıq məzmuna baxa biləcəklər.
Bundan əlavə, yeniyetmələr yaş məhdudiyyəti olmadan mesajlaşma proqramları və platformalarındakı hesablardan istifadə edərək dostları ilə əlaqə saxlaya biləcəklər.





















