Korrekt.az xəbər verir ki, İsveçrənin italyandilli bölgəsində yerləşən Luqano şəhərində mağaza və restoranların böyük hissəsi artıq Bitcoin qəbul edir. Şəhər rəhbərliyi kriptovalyutadan istifadənin genişlənməsi üçün sahibkarlara ödəniş terminallarını pulsuz paylayıb.
Müştərilər hətta fastfud restoranlarında mobil rəqəmsal cüzdan vasitəsilə təmassız ödəniş edə bilirlər. Məsələn, bir fincan qəhvə 0,00008629 BTC — təxminən 8,80 dollar dəyərində ödənilib. İsveçrə frankı ilə ödəniş hələ də mümkündür, lakin artıq 350-yə yaxın müəssisə bitkoini qəbul edir.
Şəhər bələdiyyəsi məktəbəqədər xidmətlər də daxil olmaqla bir sıra yerli ödənişlər üçün də kriptovalyuta qəbul etməyə başlayıb.
Bitkoinlə ödənişlər Luqanonun lüks mağazalarında belə tətbiq olunur. Vintage Nassa butikinin sahibi Çerubino Fray deyir ki, kredit kartı üzrə 1,7%–3,4%-ə çatan komissiya haqları ilə müqayisədə Bitcoin əməliyyatlarının dəyəri adətən 1%-dən aşağı olur.
Fray hazırda bitkoinlə əməliyyatların sayının məhdud olduğunu etiraf etsə də, “5-10 ildən sonra bu sistemin çox genişlənəcəyinə” inanır.
Bitcoin istifadəsinin əsas təşviq layihəsi şəhər bələdiyyəsi ilə Tether platformasının 2022-ci ildə başlatdığı “B Planı” proqramıdır. Layihənin direktoru Mir Liponi bank hesabında yaranan problemlərdən sonra 11 günü tamamilə bitkoinlə yaşadığını və Luqanoda bunun böyük ölçüdə mümkün olduğunu bildirir. Bununla belə, şəhərdə ictimai nəqliyyat, yanacaq və enerji ödənişləri hələ bitkoinlə qəbul edilmir.
Kriptovalyutanın rəsmi ödəniş vasitəsi elan edildiyi El Salvador təcrübəsi gözlənilən nəticəni vermədi. Unchain Data şirkətinin rəhbəri Vinsent Çarlz bildirir ki, əhali hökumətin payladığı 30 dollarlıq bitkoini dərhal dollara çevirib və sistem geniş yayılmayıb. Bunun əksinə olaraq, Lyublyana, Honq Konq və Sürix kimi şəhərlər kriptovalyuta dostu mərkəzlər kimi tanınır.
Şəhərdə bitkoinlə bağlı narazılıqlar da müşahidə edilir. Avqust ayında göl sahilində “Satoşi Nakamoto” təsviri olan heykəl naməlum şəxslər tərəfindən gölə atılıb. Universitet tələbəsi Lusiya kriptovalyutanı cinayət, qaranlıq şəbəkə və spekulyasiya ilə əlaqələndirdiyini, insanların böyük maliyyə itkiləri yaşadığını deyir.
Ekspertlər də risklərə diqqət çəkirlər. Fribourg Universitetinin professoru Serxio Rossi qeyd edir ki, müəssisələr ödənişləri aldıqdan sonra bitkoini sürətlə İsveçrə frankına çevirməlidirlər. O, həmçinin xatırladır ki, kriptovalyuta cüzdanlarının üçüncü tərəf platformalarda saxlanması şirkətlərin iflası zamanı bütün aktivlərin itirilməsi riskini yaradır — halbuki İsveçrədə bank depozitləri 100 min franka qədər dövlət təminatı altındadır.
Luqano meri Miçele Foletti şəhərin kriptovalyuta mərkəzinə çevrilməsinin çirkli pulların yuyulmasını artıracağı ilə bağlı iddiaları rədd edir. Onun sözlərinə görə, cinayətkar qruplar narkotik və digər qanunsuz ticarətlərdə hələ də əsasən nağd puldan istifadə edirlər və bitcoin onlara əvvəlki qədər anonimlik təklif etmir.
Bələdiyyə rəhbərliyi hesab edir ki, bitkoin şəhər iqtisadiyyatına yeni dinamika gətirib. Folettinin sözlərinə görə, 110 kriptovalyuta şirkəti ya Luqanoya köçüb, ya da burada fəaliyyətə başlayıb.





















