2009-cu ildən beynəlxalq axtarışda olan Namiq Ağalarovun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması yenidən xaricdə qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmüş azərbaycanlıların məsələsini gündəmə gətirib.
Məlumdur ki, son illərdə İŞİD və digər terrorçu qruplaşmaların tərkibində Suriya, Əfqanıstan, Pakistan və digər ölkələrdə döyüşən Azərbaycan vətəndaşları olub. Onların bir qismi öldürülüb, bəziləri saxlanılıb, digərlərinin isə taleyi ilə bağlı müxtəlif məlumatlar səsləndirilir.
Bəs sağ qalan və hazırda axtarışda olan şəxslərlə bağlı aidiyyəti qurumların məlumat bazası nə dərəcədə əhatəlidir? Onların kimliyi tam müəyyən edilirmi? Sənədlərini və xarici görünüşlərini dəyişdirərək Azərbaycana qayıtmaları mümkündürmü?
Korrekt.az xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, hər bir şəxslə bağlı məlumatlar aidiyyəti qurumlarda, o cümlədən DTX-də var:
“Həmin şəxsin harada vuruşduğu, hansı fəaliyyətlə məşğul olduğu, hansı addımları atdığı və hər hansı cinayət törədib-törətmədiyi barədə məlumatlar araşdırılır. Bu məlumatlar əsasında da kimlərin həbs edilməli, kimlərin ölkəyə gətirilməli olduğu müəyyənləşdirilir”.
Estetik baxımdan dəyişərək pasport nəzarətindən keçmək məsələsinə gəlincə vəkil bildirib ki, bu, praktiki olaraq mümkün deyil:
“Düzdür, hazırda estetik müdaxilələrlə insanın çəkisini, üz cizgilərini dəyişmək mümkündür. Lakin biometrik məlumatları dəyişdirmək mümkün deyil. Ən mühüm biometrik göstəricilərdən biri də gözdür. Şəxs hava limanında pasport nəzarətindən keçərkən simasını nə qədər dəyişsə belə, biometrik sistemlər vasitəsilə onun kimliyi müəyyən edilir. Sənədlərini dəfələrlə dəyişsə belə, ölkəyə giriş zamanı kameralar qarşısında onunla bağlı məlumatlar sistemdə üzə çıxa bilər. Buna görə də belə bir addıma əl atılacağına inanmıram”.





















