Bərdə rayonunda təhsil işçisinin haqq uğrunda mübarizəsi qələbə ilə başa çatıb. Qanunsuz olaraq işdən uzaqlaşdırılan müəllim məhkəmə yolu ilə öz hüquqlarını bərpa edib və yenidən doğma kollektivinə qayıdıb.
Bərdə Rayon Məhkəməsi müəllimin işdən çıxarılması ilə bağlı mübahisəyə baxaraq iddiaçının tələblərini tam təmin edib. Hakim Lamiya Hüseynquliyevanın sədrliyi ilə keçirilən prosesdə ədalət bərqərar olunub.
Məhkəmə qərarına əsasən, cavabdeh Məhəbbət Bayramov tərəfindən Qazaxlar kənd ümumi orta məktəbinin 29 iyun 2026-cı il tarixli, 65 saylı əmri qanunsuz hesab edilərək ləğv edilib. Bununla da iddiaçı Həsənova Nəcibə Şura qızı həmin məktəbdə biologiya müəllimi vəzifəsinə bərpa olunub.
Bundan əlavə, məhkəmə qərarına əsasən, məcburi işburaxma müddəti üçün ödənilməmiş əməkhaqqı cavabdeh Məhəbbət Bayramovdan tutularaq Həsənova Nəcibə Şura qızına ödənilməlidir.
Qeyd edək ki, qərardan şikayət verilməsi üçün bir ay müddət müəyyən edilib. Tərəflər apellyasiya şikayətini Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edə bilərlər. Əgər qərardan şikayət verilməzsə, sənəd rəsmi qaydada təqdim edildiyi gündən bir ay sonra qanuni qüvvəyə minəcək./NOCOMMENT





















