ABŞ-da Konqresə keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının qələbə qazanaraq həm Nümayəndələr Palatasında, həm də Senatda üstünlük əldə etməsi Prezident Donald Trampı və Respublikaçılar Partiyasını siyasi strategiyalarına yenidən nəzər salmağa məcbur edə bilər.
Trampın Konqresin qəbul etdiyi müəyyən qərarlara veto qoymaq səlahiyyəti olsa da, bu hüquq prezidentin qarşısında yeni siyasi maneələrin yaranmasına və administrasiyanın fəaliyyətinin çətinləşməsinə səbəb ola bilər.
Konqresin xarici siyasətə təsir imkanları daxili siyasətlə müqayisədə məhdud olsa da, Demokratlar Partiyası Donald Trampın Rusiya-Ukrayna müharibəsi və İranla bağlı planlarına təsir göstərməyə çalışacaq.
Məsələn, Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə ərazi itkiləri ilə barışmaq və Kremlin şərtlərini qəbul etmək istiqamətində təzyiq göstərir. Demokratlar isə bunun əksinə olaraq Rusiya Prezidenti Vladimir Putinə təzyiqlərin artırılmasının tərəfdarıdırlar. Bu səbəbdən Tramp xarici siyasət qərarlarında Konqresdə yaranmış yeni siyasi reallığı nəzərə almaq məcburiyyətində qala bilər.
Demokratlar Partiyası Trampın İrana qarşı yeni müharibəyə başlamasının da əleyhinədir. Seçkilərə qədər Tramp İrana qarşı hərbi əməliyyatların mümkünlüyündən danışırdı. Lakin Demokratların qələbəsindən sonra onun müharibə məsələsində daha ehtiyatlı ifadələr işlətməyə başladığı müşahidə olunur.
**Putin və Si Cinpin Trampın zəifləyən mövqelərini nəzərə alacaqlar**
Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin Donald Trampla dialoqu davam etdirmək niyyətində olsalar da, Vaşinqtonda yaranmış yeni siyasi vəziyyəti də diqqətdən kənarda qoymayacaqlar. Onlar Konqres seçkilərinin nəticələrinin Trampın siyasi mövqelərinə təsir etdiyini anlayırlar.
Bu amil Moskva və Pekinin ABŞ prezidenti ilə münasibətlərində hesablamalarını dəyişə bilər.
Təsadüfi deyil ki, Çin Prezidenti Si Cinpin Pekində Oman Sultanı Heytəm bin Tariq əl-Səidi qəbul edərkən Fars körfəzinin geosiyasi mübarizə zonasına çevrilməsinin qəbuledilməz olduğunu bildirib.
Si Cinpin Fars körfəzinin böyük dövlətlər arasında rəqabət və geosiyasi qarşıdurma meydanına çevrilməməsinin vacibliyini vurğulayıb. Bu açıqlamanı Vaşinqtona ünvanlanan siyasi mesaj kimi də qiymətləndirmək olar. Pekin hesab edir ki, İrana qarşı yeni müharibə regionda onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirə bilər.
**Şençjen görüşünün siyasi əhəmiyyəti azalır?**
Noyabrın 18-19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) növbəti sammiti keçiriləcək. Sammit çərçivəsində Si Cinpinin Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşü də gündəmdədir.
Lakin ABŞ-da Demokratlar Partiyasının seçkilərdə qələbəsi belə bir görüşün siyasi əhəmiyyətinə təsir göstərə bilər.
Çünki Konqresdə qüvvələr nisbətinin dəyişməsi Donald Trampın Rusiya və Çin liderləri ilə mümkün razılaşmalarının həyata keçirilməsini çətinləşdirə bilər. Demokratların nəzarətində olan Konqres prezidentin verdiyi siyasi vədlərin icrasına maneələr yarada, onun qərarlarını nəzarətdə saxlamağa çalışa bilər.
Beləliklə, Vladimir Putin və Si Cinpin Trampla danışıqlarda yalnız Ağ Evin mövqeyini deyil, həm də ABŞ Konqresindəki yeni siyasi qüvvələr nisbətini nəzərə almaq məcburiyyətində qalacaqlar.
Demokratların qələbəsi Trampın xarici siyasət kursunu tamamilə dəyişməsə də, onun Rusiya, Çin və İran istiqamətində manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.
Elxan Şahinoğlu





















