image-1backend

Qarabağ zəfərinin siyasi nəticələri daha böyük coğrafiyanı təsirləndirir

image-ads-728x90

8 Noyabr təkcə müstəqillik dövrünün deyil, son iki əsrlik Azərbaycan tarixinin ən parlaq Zəfər salnaməsini təcəssüm etdirir. Onun geosiyasi nəticələri isə regionun hüdüdlarından çox kənara çıxır və daha böyük çoğrafiyanı təsirləndirir. Qarabağ Zəfəri təkcə ədaləti bərpa etmədi, o həm də Cənubi Qafqazla yanaşı, Avrasiya kimi geostrateji coğrafiyada yeni tarixi reallığın əsasını qoydu.

8 Noyabrın geosiyasi əhəmiyyəti həm də ondadır ki, bu Qələbə Türk dünyasının oyanışında, Türk dövlətlərinin bir təşkilat çərçivəsində yaxınlaşmasında və milli özünüdərkin birləşdirici faktora çevrilməsində müstəsna missiyanı yerinə yetirir. Eyni zamanda, hərbi aqressiyadan və separatçılıqdan əziyyət çəkən başqa xalqlara ümid verir, onlara Qələbənin yeganə mümkün yolunu göstərir.

Böyük güclərin təzyiq və təhdidinə, çirkin qarayaxma və qərəzli təhrifetmə kampaniyalarına baxmayaraq, Azərbaycan dünyaya sübut etdi ki, etnik və dini zəmində ayrı-seçkiliyi təşviq edən ikili standartlar siyasətinə qalib gəlmək və beynəlxalq hüququn aliliyini təmin etmək mümkündür. Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə Qələbəmizi mümkün etmiş amillər sırasında bu məqamı xüsusi olaraq vurğuladı: “Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.

Azərbaycana hücumlar və tarixi Zəfərimizə kölgə salmaq cəhdləri bu gün də səngimir. Avropa Parlamenti və AŞPA kimi təşkilatların davamlı və sinxron şəkildə qəbul etdiyi qərəzli qətnamələr bunun əyani sübutudur. “Xristian erməni qardaşlarımızı qorumalıyıq” tezisini ictimai rəyə guya insan haqlarının qorunması kimi sırımağa çalışan avropalı parlamentarilər hələ də fərqinə varmırlar ki, bu cür avantüralar qlobal təhlükəsizlik arxitekturası ilə yanaşı, sivilizasiyalararası dialoqu da təhdid edir, qarşılıqlı etimad mühitinə və ümumbəşəri dəyərlərlə bağlı ictimai inama sarsıdıcı zərbələr vurur. Prezident İlham Əliyev elə bu səbəbdən Yeni Azərbaycan Partiyasının Vlll Qurultayında Qələbənin  qürurunu yaşayan hər bir Azərbaycan vətəndaşına bu tarixi mesajı verdi: “Ölkə daxilində hər hansı risklər mövcud deyil- nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa. Bütün risklər hüdudlarımızın kənarında formalaşır. Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, bizə tuşlanan hər bir oxa 10 ox geriyə buraxdıqca, bizə qarşı təzyiqlər daha da çoxalacaq”.

Bütün bunlara və davamlı dezinformasiya kampaniyalarına baxmayaraq, Azərbaycan dünyaya göstərdi ki, ləyaqətlə yaşamaq istəyən xalqın iradəsini hətta böyük güclərin məkrli ortaq planları da sındıra bilmir. Çünki öz haqqı uğrunda mübarizə aparan xalq yalnız o vaxt uğur qazanır ki, ona eyni amalları bölüşən,  bu yolda hər cür fədakarlığa və siyasi risklərə hazır olan qətiyyətli Lider rəhbərlik edir. Qarabağ Zəfərinin rəmzinə çevrilən “Dəmir yumruq” təkcə Dövlətin gücünü və Ordumuzun döyüşkən ruhunu təcəssüm etdirmir, o həm də xalqımızın öz Liderinə sarsılmaz inam və etimadını ifadə edir. Azərbaycanın tarixi Qələbəsi bir daha sübut etdi ki, torpaq-uğrunda ölən varsa, Vətəndir! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Dünya tarixinin təsbit etdiyi böyük həqiqətlərdən biri də onunla bağlıdır ki, savaş meydanındakı nəticənin siyasi-hüquqi müstəvidə təsdiqlənməsi hərbi zəfərin özü qədər mürəkkəb, eyni zamanda, olduqca vacib vəzifədir. 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər həm də buna görə tarixi nailiyyət hesab olunur. Çünki bu razılaşmalar Ermənistandakı revanşçı kəsimin və onların xaricdəki himayədarlarının manipulyasiya cəhdlərinə güclü zərbə vurdu. Fəaliyyəti dövründə yalnız işğalın ömrünü uzatmağa çalışan və Ermənistana qarşı bir sanksiya qərarı belə qəbul etməyən Minsk qrupunun və onunla əlaqəli strukturların ləğvi, habelə TRIPP marşrutu kimi tanınan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın üzərinə götürdüyü rəsmi öhdəliklər hərbi Qələbəmizin siyasi-hüquqi müstəvidə ən böyük təsbitidir. Ermənistanın keçmiş və indiki himayədarları üçün mümkünsüz və əlçatmaz görünən bu tarixi nailiyyətin arxasında da Azərbaycan Prezidentinin sarsılmaz iradəsi və dəyişməz mövqeyi dayanır.

Bu gün Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş və Avrasiya coğrafiyasının strateji mərkəzlərindən biri kimi tanınır. Qələbəmizə sidq-ürəkdən dəyər verən və onunla qürur duyan hər kəs bunu da bilməlidir ki, bütün bu uğurlar münaqişələrin çoxaldığı, şimal və cənub qonşularımızın hərbi toqquşmaların episentrinə çevrildiyi və qlobal təhlükəsizlik arxitekturasının çökdüyü bir dövrdə baş verir. Əgər kimsə düşünürsə ki, Azərbaycanın Mərkəzi Asiyadakı “C5” formatını “C6” formatına çevirməsi, ölkəmizin artan beynəlxalq nüfuzu və Türk Dövlətləri Təşkilatının güclü beynəlxalq faktora çevrilməsi istiqamətində göstərdiyi səylər bütün aktorların ürəyincədir, səhv edir. Çünki Qarabağ Zəfəri lokal məzmun daşımır və onun tarixi əhəmiyyəti yalnız ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam və mütləq mənada bərpası ilə məhdudlaşmır.  Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanan Azərbaycan  Bayrağı, oradakı məscidlərimizdən ucalan Azan sədası və Şuşadan yüksələn muğam səsi həm də bu səbəbdən bədxahlarımıza rahatlıq vermir.

Son altı ildə Azərbaycanı və şəxsən Prezident İlham Əliyevi məqsədli şəkildə hədəf seçən siyasi dairələrin sakitləşməməsinin arxasında elə bu geosiyasi gerçəklik dayanır. Çünki Azərbaycan Prezidentinin qətiyyətli Liderliyi ilə Cənubi Qafqazda əsası qoyulan yeni reallıq onların çirkin planları və tarixi vərdişləri ilə üst-üstə düşmür. Ona görə də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2022-ci ildə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında səsləndirdiyi bu böyük həqiqəti nə indiki, nə də gələcək nəsillər heç vaxt unutmamalıdır: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.

Ülvi Quliyev,   

 Milli Məclisin deputatı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki