Nizami Kino Mərkəzində Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış İsmayıl Kərimlinin əziz xatirəsinə həsr olunmuş “İsmayıl məqamı” sənədli filminin təqdimat mərasimi keçirilib.
Rejissor Səməd Mehriban Ağayevin ərsəyə gətirdiyi, baş prodüseri şəhidin atası Ceyhun Kərimov olan filmdə İsmayıl Kərimlinin ömür yolu, döyüş xidməti və cəbhəyə könüllü yollanma hekayəsi əks olunub. Tədbirdə şəhidin ailə üzvləri, millət vəkilləri, döyüş yoldaşları, komandiri, şəhid anaları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Film nümayişindən öncə çıxış edən millət vəkili Azay Quliyev Zəfər Günü ərəfəsində keçirilən bu tədbirin mənəvi əhəmiyyətini vurğulayıb. O, İsmayıl Kərimlinin nəslinin Qarakilsə rayonunun Urud kəndindən olduğunu, bu kiçik kəndin xalqımızın elm və qəhrəmanlıq tarixinə onlarla ziyalı şəhid və Milli Qəhrəmanlar bəxş etdiyini bildirib. Deputat Vətən müharibəsi başlayan kimi könüllü cəbhəyə atılan İsmayıl və digər gənclərin şücaətinin dövlətçilik tariximizdə müstəsna rol oynadığını diqqətə çatdırıb.
Millət vəkili Məlahət İbrahimqızı filmin təkcə bir döyüşçünün deyil, torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərin ümumi qəhrəmanlıq salnaməsini təcəssüm etdirdiyini söyləyib. Deputat İsmayılın hərbi xidmətdə olarkən ailəsinə dediyi uzaqgörən fikirləri və ali təhsilini bitirdikdən dərhal sonra rahat karyera yolunu deyil, torpaqların azad olunması missiyasını seçməsini onun Vətənə olan dərin sevgisinin bariz nümunəsi kimi qiymətləndirib.
Şəhidin atası Ceyhun Kərimov çıxışında zəfəri ordumuzun və qəhrəman gənclərimizin qazandırdığını vurğulayaraq, fədakarlığın ən uca zirvəsindən və şəhidlərin xatirəsini qürurla yaşatmağın vacibliyindən bəhs edib:
“Hər bir insanın daxilində fədakarlıq duyğusu var, lakin hər kəs bunu özünəməxsus şəkildə yaşayır. Kimi vaxtını, kimi mülkiyyətini fəda edir. Amma elə nadir, seçilmiş insanlar olur ki, onlar Vətənimiz, dövlətimiz üçün öz canlarından keçirlər. Bu, fədakarlığın ən yüksək zirvəsi şəhidlik! Onlar fiziki olaraq aramızda olmasalar da, adları və qəhrəmanlıqları hər zaman bizimlədir.
İstərdim ki, şəhidlərimizin adı çəkiləndə onları kədər və göz yaşları ilə deyil, sevinc və qürur hissi ilə xatırlayaq. Şəhidin ruhu o zaman rahat olur ki, azad olunan torpaqlarda həyat yenidən qaynayır, biz tikirik, yaradırıq. İstərdim ki, bayrağımız daim zirvələrdə dalğalansın, azan səsimiz göylərdə ucalısın, çaylarımız qurumasın, evlərimizin çıraqları sönməsin və Azərbaycanımız cənnət bir yurda çevrilsin!”
Film nümayişindən sonra şəhidin anası Rəna Kərimova kövrək xatirələrini bölüşərək filmin ərsəyə gəlmə səbəbindən danışıb. O, övladını cəbhəyə yola salarkən son sözlərini deyə bilməməyinin nisgilini bu filmlə tamamladığını vurğulayıb:
“İsmayıl müharibəyə yollananda mən digər analar kimi özümdə güc tapıb onu bağrıma basa bilmədim, son sözümü deyə bilmədim. Bu nisgil ürəyimdə qaldı. Biz İsmayılla həmişə Birlikdə filmlərə baxırdıq. Düşündüm ki, ona hədiyyə edəcəyim ən gözəl əsər film olmalıdır. Elə bir film ki, onun qısa və parlaq ömrünü əks etdirsin, mənim ona son sözüm olsun.
Bu filmdə sadə bir Azərbaycan oğlunun nələrə qadir olduğu göstərilib. Müharibədə iştirak edən bütün oğullarımız bir yumruq kimi birləşdi və o güc bizim Qələbəmiz oldu. Azərbaycan oğlu lazım gələrsə, Vətən üçün canından keçməyə qadirdir! Bizim övladlarımız Vətənin bir parçasıdır. Vətən sağ olsun! Sağ olsun Azərbaycan xalqı və atdığımız hər addımın arxasında qətiyyətli imzası duran cənab Prezidentimiz!”
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Səməd Mehriban Ağayev isə filmin ərsəyə gəlmə tarixçəsindən söz açıb. Rejissor bildirib ki, layihənin bünövrəsi il yarım əvvəl müəllimi, tanınmış rejissor Elçin Musaoğlunun vasitəçiliyi ilə qoyulub:
” Ailə ilə görüşüb İsmayılın həyat hekayəsini dinlədim. Təxminən 5-6 saat davam edən təsirli söhbətdən sonra qərara gəldim ki, bu hekayə mütləq ssenari dili ilə tamaşaçıya çatdırılmalıdır. 6 aylıq hazırlıq prosesində İsmayılın ailəsi, dostları, döyüş yoldaşları və komandirləri ilə görüşdük. Çəkilişlərimiz Bakı ilə yanaşı, Şuşada da aparıldı. İsmayıl Şuşanın azad olunmasında strateji əhəmiyyət kəsb edən 1553 yüksəkliyində canından keçən qəhrəmanlarımızdandır.”
Xatırladaq ki, quruluşçu operatoru Toğrul Qəhrəmanlı, montaj rejissoru Mirvüqar Abdulov, bəstəkarı isə Vüqar Məmmədzadədir.






















