image-fb_img_1783521042372backend

DÜNYANIN 9-CU MÖCÜZƏSİ: UÇURUMUN KƏNARINDAKI DAHİ

image-ads-728x90

Göz yaşları da Messiyə yaraşır

“Misir bəlkə piramidalardan başqa dünyaya yeni bir möcüzə bəxş edə bilərdi, amma qarşısında dünyanın 9-cu möcüzəsi var idi — Messi!
Futbol Tanrısına şükürlər olsun. Sənin göz yaşların bütün Amerikadan böyükdür, Leo!”

Bu cümlələr Argentina-Misir matçının şərhçisinə aiddir. Və mən bu sözlərin altından öz imzamı atıram, həm də yağlı şriftlərlə…

***

Futbol bəzən böyük dövlətlərin, milyardlıq brendlərin və hakimlərin yaşıl meydandakı soyuq hesabları ilə idarə olunan nəhəng bir sənaye maşınına bənzəyir. Təşkilatçıların, yayımçıların və idman marketoloqlarının pərdəarxası ssenarilərində kimlərin irəli gedəcəyi, kimlərin isə səhnəni erkən tərk edəcəyi sanki öncədən yazılır. Fit səsləri çox vaxt kimlərinsə iqtisadi maraqlarını yaşıl otlar üzərində diktə edir. DÇ-2026-nın 1/8 final mərhələsində Misir qarşısında çətin və amansız bir sınağa çəkilən son çempion, Lionel Messinin Argentinası üçün gedişat tam olaraq bu dramatik və soyuq mexanizmin təzahürü idi.

BƏXTİN BİTDİYİ YERDƏ “SEHRLİ BÜCÜR”ÜN İNADI VƏ ƏZMKARLIĞI

Stadiondakı ədalətsiz qərarları, Afrika təmsilçisinin əleyhinə verilən xeyli mübahisəli fiti bir ştrix olaraq kənara qoysaq, futbolun dəyişməz, ali bir qanunu var: bütün kənar təsirlər, süni müdaxilələr və bəxt faktorları ancaq bir nöqtəyə qədər keçərlidir. Hesabların bitdiyi, çarəsizliyin başladığı və insanın öz qorxuları ilə baş-başa qaldığı o uçurumun kənarında isə tamam fərqli bir düha — saf idmançı iradəsi səhnəyə çıxır.

Dünən gecə hamı 39 yaşlı bir əfsanənin, bəlkə də karyerasının son böyük turnirində penalti qaçırarkən tökdüyü səmimi göz yaşlarında bir dövrün qaçılmaz bitişini görürdü. Lakin həmin saniyələrdə axan göz yaşları bütöv bir qitənin ümidindən də böyük idi. Çünki o yaşların ortasından süzülüb gələn, illər öncə Barselonanın dar küçələrindən futbola addım atan o “cırtdan düha”nın (La Pulga Ayomica) tükənməz, inadkar və təslim olmayan ruhu idi.

FİRONLARIN QARŞISINDA DÜNYANIN 9-CU MÖCÜZƏSİ

Misir millisi həqiqətən də dünya çempionatları tarixinin ən böyük sensasiyalarından birini rəsmiləşdirməyə, futbol dünyasını yerindən oynatmağa çox yaxın idi. Yasser İbrahim və Mustafa Zikonun qolları ilə hesab 2:0-a çatanda fironların varisləri yaşıl meydanda yeni bir tarixi abidə ucaldırdılar. Onlar son dünya çempionunu turnirdən kənarlaşdırmaqla bəşəriyyətə yeni bir “möcüzə” bəxş etmək ərəfəsində idilər. Bəli, Misir bəlkə də öz qədim piramidalarından başqa dünyaya yeni bir futbol möcüzəsi verə bilərdi, amma unudulmamalı olan bir həqiqət var idi: yaşıl meydanın öz sərt qanunları və bu qanunların tabe olduğu bir dahi var idi.

Tarix boyu bəşəriyyətin əfsanəvi kəşflərinə və sənət əsərlərinə “dünyanın 8-ci möcüzəsi” qəlibi yaraşdırılıb. Lakin Lionel Messi bu qəliblərin fövqündə dayanan bir fenomendir; o, fironların qarşısına çıxmış “dünyanın 9-cu möcüzəsi” idi. Misirin böyük əzmlə qurduğu o qələbə hasarı Messinin zədələnmiş qürurundan doğan o daxili fırtınanın qarşısında tab gətirə bilməzdi. O, fiziki olaraq rəqiblərindən kiçik ola bilərdi, lakin yaratdığı dalğanın miqyası qədim Giza piramidalarından daha əzəmətli idi.

AMERİKADAN BÖYÜK GÖZ YAŞLARI

Matçın ilk hissəsində hesab 1:0 Misirin xeyrinə olarkən qazanılan penalti zərbəsinin Misir qapıçısı Mustafa Şubir tərəfindən dəf edilməsi Messinin çiyinlərinə bütöv bir qitənin ağırlığını yüklədi. 39 yaşın gətirdiyi fiziki yorğunluq, sonuncu çempionatı əliboş tərk etmək qorxusu və komandasının geri düşməsinin verdiyi məsuliyyət hissi onun gözlərindən yaş olub süzüldü. Bu, çarəsizliyin deyil, futbola qarşı duyulan o sonsuz, uşaq səmimiyyəti ilə bəslənən saf sevginin təzahürü idi.

Şərhçinin emosional hayqırtısında dediyi kimi, onun göz yaşları bütün Amerikadan böyük idi. Çünki bu göz yaşları həm turnirin keçirildiyi ABŞ-ın nəhəng stadionlarını, həm də onun qələbəsinə dualar edən bütöv Latın Amerikası qitəsinin ümidlərini özündə boğurdu. Hakimlərin bəzi qərarlarla Misirin oyun ritmini pozması bu dramın sadəcə bir dekorasiyası idi; əsas aktı isə göz yaşlarını silib yenidən ayağa duran o “sehrli bücür” oynayırdı. Həmin göz yaşları mənəvi bir təmizlənmə, bir qəhrəmanın öz küllərindən yenidən doğulması üçün ehtiyac duyduğu son damlalar idi.

MİSİR DAĞILAN AN, MESSİ DOĞAN SAAT

Oyunun son 11 dəqiqəsi futbol tarixinin ən böyük, ən epik geri dönüşlərindən birinə səhnə oldu. Misirin tarixi qələbə xəyalları, fironların möhtəşəm müdafiə istehkamı məhz Messinin ayağına topun dəydiyi o sehrli saniyələrdə parça-parça oldu. Öncə Kristian Romeronun fərqi azaldan qolunda zərgər dəqiqliyi ilə asisti edən Messi, dörd dəqiqə sonra cərimə meydançasında boşda qalan topa elə bir zərbə vurdu ki…

Bu, sadəcə bir bərabərlik qolu deyildi; bu, taleyin yazısını təkbaşına pozan, məğlubiyyəti əsla qəbul etməyən bir futbol dühasının iradəsinin təcəssümü idi.

Bəlkə də çox az adam topun tora dəyib hesabın 2:2 olmasından başqa şeyləri də gördü. O zərbədə Messinin inadı, əzmkarlığı, o səmimi göz yaşları vardı. Messi o zərbəni ayağı ilə deyil, birbaşa ürəyi ilə vurmuşdu!

Həmin an sanki stadionda zaman dayandı, Misirin müdafiə səddi kağız kimi dağıldı və yeni bir əfsanə saatı başladı. Bu qol sadəcə bir bərabərlik zərbəsi deyil, qaçırılan penaltinin, çəkilən əzabların və o səmimi göz yaşlarının yaşıl meydandakı intiqamı idi. Messi sübut etdi ki, əgər meydanda o varsa, heç bir ssenari oyun bitmədən tamamlanmış sayıla bilməz. 92-ci dəqiqədə Enzo Fernandesin vurduğu qələbə qolu isə Messinin başlatdığı ilahi üsyanın sadəcə son akkordu idi.

“MARTİNESİN AYAĞI, TANRININ ƏLİ, BİR DƏ QAPI DİRƏYİ…”

2022-ci ildə Qətərdəki o unudulmaz finaldan sonra qələmə aldığım üç yazılıq silsilədə Argentinanın tarixindəki üç çempionluğunu üç böyük təsadüfün və bəxt faktorunun üzərində qurmuşdum. İdmanın görünməyən “tale” pərdəsini aralayaraq bu tezisləri müdafiə etmişdim:

1. 1978-ci il finalı: Əsas vaxtın son saniyələrində hollandiyalı Rob Rensenbrinkin zərbəsinin qapı dirəyinə taxılması Argentinanı əlavə vaxtda çempionluğa daşımışdı;

2. 1986-cı il çempionatı: Dieqo Maradonanın ingilislərin torundan keçirdiyi o qol futbol qaydalarına sığmasa da, öz zərafəti ilə göz oxşayırdı. Onun matçdan sonra “O əl mənim yox, Tanrının əli idi” deməsi isə dahi bir fəlsəfi zirvə idi. O, hadisəni metafizik müstəviyə daşıyaraq həm azarkeşləri yumşaltmış, həm də mistik bir ədalət hissi yaratmışdı. Bu fəlsəfənin yanında 1986-nın bəzəyi sayılan “Meksika dalğası” belə sadəcə bir fon idi;

3. 2022-ci il finalı: Oyunun 123-cü dəqiqəsində Emiliano Martinesin Fransa hücumçusu Kolo Muaninin zərbəsini ayağı ilə möcüzəvi şəkildə dəf etməsi futbol tarixinin ən böyük qapıçı qəhrəmanlığı idi.

Bəli, tarixin bu sətirlərində Argentina həmişə bəxtin və ilahi təsadüflərin köməyi ilə zirvəyə ucalmışdı. Lakin bu gün — 2026-cı ildə Misir qarşısında yaşanan bu dram bizə tamam fərqli bir hekayə təqdim edir. Əgər Argentina bu turnirdə yenidən çempion olacaqsa, bu dəfə tarixdə nə bir qapı dirəyi, nə gizli bir əl, nə də bir qapıçı ayağı axtarmağa ehtiyac qalmayacaq. Çünki bu dəfə qələbənin yeganə memarı təsadüflər yox, Messinin inadkarlığı və sarsılmaz əzmi olacaq.

FUTBOL TANRISININ SON SSENARİSİ

Mən şəxsi futbol zövqümdə və rəğbətimdə həmişə Kriştianu Ronaldunun (CR7) estetikasına, onun sarsılmaz fiziki gücünə və meydandakı amansız xarakterinə heyran olmuşam. Mənim futbol rəngim Ronaldu tərəfindədir. Lakin bu rəğbət mənim Messinin dühasına, onun yaşıl meydandakı misilsiz ustalığına göz yummağıma əsla səbəb ola bilməz. Çünki əsl futbolsevərlik rəqibin böyüklüyünü və əzmini ədalətlə etiraf edə bilmək sənətidir.

Şərhçinin matç bitərkən nida etdiyi “Futbol Tanrısına şükürlər olsun” ifadəsi məhz bu ədalətin və idman romantizminin zirvəsidir. Futbol Tanrısı bu dahi əfsanənin son səhnədən ağlaya-ağlaya, penalti qaçırmış bir məğlub kimi erkən ayrılmasını istəmədi. Tale onun bu son rəqsini daha parlaq, daha əzmkar, öz xarakterinə yaraşan qəhrəmanlıq dastanı ilə bəzədi.

Uçurumun kənarından qayıdan bu “sehrli bücür” hakimlərin kölgəli oyunlarını da, fironların piramidalarını da öz dəmir iradəsi ilə geridə qoydu.

Dünya futbolu hələ Messi ilə vidalaşmağa hazır deyil və onun bu inadkar ruhu yaşıl meydanlarda yazılmış ən səmimi insan hekayəsi olaraq tarixdə əbədi qalacaqdır.

Fərəməz Novruzoğlu

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki