image-1backend

Misir millisinin baş məşqçisi Hossam Hassan: “Hakim bütöv bir xalqın zəhmətini puç etdi”

image-ads-728x90

Korrekt.az xəbər verir ki, Misir millisinin baş məşqçisi Hossam Hassan Argentina ilə keçirilən oyundan sonra hakim idarəçiliyini sərt tənqid edib. Təcrübəli mütəxəssis qarşılaşmada komandası ilə bağlı bir sıra qərarların ədalətsiz olduğunu iddia edib.

“Ədalətli oyun görmədik. Bir penaltimiz ləğv edildi, xeyrimizə verilməli olan ikinci penalti epizodu isə VAR tərəfindən heç yoxlanılmadı. İkinci qolumuz da hansısa səbəbdən qeydə alınmadı. Görünür, Argentina tərəfinin hakimə təzyiqi bu nəticənin yaranmasına səbəb oldu”, – deyə Hossam Hassan bildirib.

Misirli çalışdırıcı nəticə ilə barışmadığını vurğulayaraq bunları əlavə edib:

“Həyat ədalətsizdir. Dünya ədalətsizdir. Yaxşı, bəs niyə idmanda da ədalət yoxdur? Bu nəticəyə və matçın gedişatına qətiyyən inanmıram. Hakim ədalətsiz davrandı. Mənə Allah kifayətdir. O, ən gözəl vəkil və işləri nizama salandır. Hakim bütöv bir xalqın zəhmətini puç etdi.”

Hossam Hassan oyunun keçirildiyi saatla bağlı da narazılığını ifadə edib. Onun sözlərinə görə, matç cədvəlini hazırlayan şəxslər futbolun reallıqlarını nəzərə almayıblar.

“Bu oyunların təqvimini hazırlayan şəxsin həyatında heç vaxt futbol oynamadığını deməyə cəsarət edirəm. Çünki heç bir futbol matçı bu saatda keçirilmir. Günorta saatlarında futbol oynanılmaz. Müzakirə olunmalı çox məqam var. Sizə söz verirəm ki, artıq Dünya Kuboku oyunlarını izləməyəcəyəm. Mənim buna etiraz etmə üsulum budur”, – deyə o qeyd edib.

Misir millisinin baş məşqçisi turnirlə bağlı daha bir diqqətçəkən iddia da səsləndirib.

“Bəlkə də bütün bunlar sadəcə marketinq strategiyasının bir hissəsidir. Dünya Kubokunun kommersiya baxımından uğurlu olması üçün son dünya çempionunun turnirdə qalmasını, Messinin isə yoluna davam etməsini istəyirlər. Əgər Argentinanın qalib gəlməsini bu qədər çox istəyirlərsə, onda niyə ümumiyyətlə hamını turnirə dəvət edirlər?” – deyə Hossam Hassan bildirib.

Qeyd edək ki, Hossam Hassanın səsləndirdiyi fikirlər onun şəxsi mövqeyini əks etdirir. Məşqçinin hakim idarəçiliyi və turnirlə bağlı iddiaları ilə əlaqədar hələlik yarışın təşkilatçıları və ya hakimlər briqadası tərəfindən rəsmi açıqlama verilməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki