İsveç futbolunun əfsanəvi hücumçusu Zlatan İbrahimoviç Argentina millisinin kapitanı Lionel Messinin çıxışını yüksək qiymətləndirib.
Korrekt.az xəbər verir ki, Zlatan İbrahimoviçin bu fikirləri Sporx nəşri tərəfindən yayılıb.
Təcrübəli futbolçu bildirib ki, Messi meydanda yenidən ən yaxşı performansını nümayiş etdirir.
“Messi əsl canavara çevrildi və heç kim onu saxlaya bilmədi. O, dayanmadan yoluna davam etdi. Mənim gördüyüm, öyrəşdiyimiz və hələ də izlədiyimiz Messi məhz bu idi”, – deyə İbrahimoviç bildirib.
Zlatan qeyd edib ki, Messi artıq futbol tarixində qazana biləcəyi demək olar ki, bütün əsas uğurlara imza atsa da, onun motivasiyası dəyişməyib.
“Unutmayın, o, artıq bir Dünya Kuboku qazanıb. Dünya Kuboku, çoxsaylı “Qızıl top” (Ballon d’Or) mükafatları… Hər şeyi qazanıb. Karyerasına baxanda onun demək olar ki, qüsursuz olduğunu görürsən. Amma buna baxmayaraq, o, hələ də daha çoxunu istəyir”, – deyə Zlatan İbrahimoviç vurğulayıb.





















