image-1backend

Dünyanın saf üzüdür onlar-GÜLƏR MÜBARİZ YAZIR

image-ads-728x90

Uşaq sözündə belə nə qədər işıq, nə qədər ümid gizləndiyinin fərqinə varmısınızmı?

Uşaq həyatın ən saf halıdır. Hələ öyrədilməmiş, hələ dəyişdirilməmiş, hələ də olduğu kimi qalan dümağ kağıza bənzəyən bir həqiqət… Bütün gerçəklərin zamanın axarında o kağıza işləndiyi bir həqiqət.

Gülüşlərin saxta olmadığı, sevgilərin şərtsiz olduğu, bütün riyakarlıqdan uzaq Allahın yaratdığı ən saf möcüzədir onlar.

Dünyanın ən həssas, amma eyni zamanda ən güclü varlıqları kimi düşünürəm onları. Hər şeyə rəğmən yenidən gülməyi bacarırlar. Uşaqlar mənə çox şeyi xatırladır. Unutduğumuz sadəliyi, səbəbsiz xoşbəxt olmağı, kiçik şeylərdə böyük sevinc tapmağı… Onların dünyasında hər şey daha rənglidir, daha canlıdır. Çünki onlar həyata böyük hesablarla yox, məsum ürəklə baxırlar. Cismən böyüsək də, qəlbən uşaq qalsaydıq kaş ki…

Körpənin dilsizliyi belə çox şey danışır. Onların demədiklərini anlamaq, hiss etdiklərini görmək biz böyüklərin məsuliyyətidir. Onlara görmələri gərəkdiyini göstərmək də. Hər uşaq gördükləri ilə formalaşır, hiss etdikləri ilə dəyişir axı…

Bütün körpələr eyni olur, amma bütün körpələr eyni böyümür. Kimisi nağıllarla yuxuya gedir, kimisi səssiz qorxularla… Bu fərq bizə bir şeyi xatırladır — uşaqları qorumaq yalnız valideynlərin yox, bütöv cəmiyyətin borcudur. Onların səssiz qalan arzularını, deyilməyən qorxularını hiss etmək üçün sadəcə qəlb gözü ilə baxmaq ,hiss etmək lazımdır. Bir uşağın ehtiyacı olan şey sadəcə onu dinləyən bir ürəkdir,mən deyərdim.

Uşaqlara verilən sevgi, diqqət və anlayış gələcəyin təməlidir. Bir körpənin qəlbində qoyulan iz illər sonra bir insanın xarakterinə çevrilir. O izlərlə təməl qoyulur insanlığın xarakterinə.

Bir uşağın gülüşü ilə işıqlanan dünya daha xoşbəxt olmazmı? Gülən üzün solması bütün dünyanın qaranlığa qərq olması deyilmi? Bir uşağın gözündəki kədər bütün insanlığın— bəşəriyyətin susqunluğudur.

Körpələri qoruyaq… Ailələrdən üzü cəmiyyətə doğru başlayan bu qoruma ən birinci bizdən diqqət tələb edir. Qayğı qarışıq diqqət. Onların hər addımına, hər davranışına diqqət, məsuliyyətli və ən önəmlisi həssas yanaşmaq, duyarlı olub problemi dərk etmək bir körpənin gələcəyə doğru düzgün yaşamasının təməlidir.
Cəmiyyətdə,dünyada uşaqlara qarşı verən, baş verə biləcək bütün təhlükələrdən sığortalanmaq bir az da öz əlimizdədir. Gərəksə, dörd gözlə baxmaq ,onların bütün ətrafı ilə maraqlı olmaq, diqqətdən kənar qoymamaq adına atılan hər addım onları daha güvənli bir yaşama, daha etibarlı bir həyata aparır.

Uşaqlar yaşasın.
Uşaqlar xoşbəxt yaşasın.
Uşaqlar təhlükəsiz yaşasın.

Bəlkə də dünyanı dəyişmək üçün bu addımlardan başlamaq lazımdır elə?…
Bəzən sadəcə bir uşağın əlindən tutmaq kifayətdir. Övladlarınızın əlini bir an belə buraxmayın.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki