image-1backend

Telefon uşağı böyüdür, yoxsa inkişafına mane olur? – Psixiatr vacib detalları AÇIQLADI

image-ads-728x90

Son zamanlar telefon və planşetlər uşaqların gündəlik ən sıx məşğul olduqları vasitələrə çevrilib. Xüsusən də süni intellektin tüğyan etdiyi bu dövrdə məlumatların əlçatanlığı və operativ şəkildə yayılması azyaşlılar üçün ciddi təhlükələrə yol açır.

Təbii ki, bu cür aktual məsələlərdə vacib məsuliyyət valideynlərin üzərinə düşür. Rəqəmsal mühitdə yaşayan uşaqlar asudə vaxtlarını səmərəli keçirməkdənsə, telefon, komputer və digər texnologiya vasitələrinə daha çox vaxt ayırırlar.

Medialive.az-ın bugünkü müsahibi uşaq psixiatrı Çinarə Rəhimbəyzadədir.

O, oxuculara telefon və planşetlərin uşaqların psixologiyasına necə təsir göstərməsindən, eyni zamanda ekran qarşısında oturan azyaşlıların məruz qala biləcəyi təhlükəli nüanslardan söz açıb.

Müsahibəni təqdim edirik:

1. Çinarə xanım, telefon və planşet uşağın psixologiyasıma necə təsir edir?

– Ekran qarşısında həddindən artıq vaxt keçirmək yuxuya, diqqətə, emosional tənzimləməyə və sosial ünsiyyətə mənfi təsir göstərə bilər. Əsas məsələ ekranın uşağın həyatında hansı yeri tutmasıdır.

2. Telefon və planşetlər uşağın nitq inkişafını ləngidə bilərmi?

– Xüsusilə erkən yaşlarda canlı ünsiyyətin ekranla əvəz olunması dil inkişafına mənfi təsir göstərə bilər. Uşaq nitqi yalnız eşitməklə deyil, qarşılıqlı ünsiyyət və oyun vasitəsilə də öyrənir.

3. Telefon uşaqlarda diqqət əskikliyi yaradırmı?

– Bunu birbaşa belə demək olmaz. Lakin sürətli və fasiləsiz dəyişən məzmun uşağın diqqət vərdişlərinə təsir göstərə bilər. Diqqət problemi olan hər uşağın səbəbini telefonla əlaqələndirmək də düzgün deyil.

4. Uşaq telefonu əlindən alanda aqressivləşirsə, bu, asılılıq əlamətidir?

– Təkcə bu davranış asılılıq demək deyil. Ancaq uşaq ekranı dayandıra bilmirsə, digər fəaliyyətlərə marağını itirirsə və bu vəziyyət gündəlik həyatına ciddi təsir edirsə, ekran istifadəsinə daha diqqətlə yanaşmaq lazımdır.

5. Telefon uşağın yuxusuna təsir edirmi?

– Bəli. Xüsusilə yatmazdan əvvəl ekran istifadəsi yuxuya getməyi gecikdirə və yuxu rejimini poza bilər. Telefonun yataq otağından kənarda saxlanılması faydalı vərdişdir.

6. Cizgi filmləri və maarifləndirici videolar da zərərlidirmi?

– Xeyr, bütün ekran məzmunları eyni deyil. Yaşa uyğun, keyfiyyətli və böyüklə birlikdə izlənilən məzmun öyrənməyə kömək edə bilər. Lakin ekran canlı oyunu, hərəkəti və ünsiyyəti əvəz etməməlidir.

7. Uşağa neçə yaşından telefon vermək olar?

– Mümkün qədər gec və ehtiyacları nəzərə alaraq. Xüsusilə kiçik yaşlarda uşağın əsas ehtiyacı canlı ünsiyyət, oyun və hərəkətdir. Şəxsi smartfon vermək üçün vahid ideal yaş yoxdur; uşağın yetkinliyi, təhlükəsizlik və istifadə qaydaları nəzərə alınmalıdır.

8. Telefon uşağı sakitləşdirmək üçün istifadə oluna bilərmi?

– Bəzən valideynin buna ehtiyac duymasını başa düşürəm. Ancaq hər ağlama zamanı telefon vermək uşağın öz emosiyalarını tənzimləməyi öyrənməsinə mane ola bilər. Uşağı qucaqlamaq, onunla danışmaq və diqqətini başqa fəaliyyətə yönəltmək daha faydalıdır.

9. Valideyn özü daim telefondadırsa, uşağa təsir edirmi?

– Əlbəttə. Uşaqlar daha çox gördükləri davranışı təqlid edirlər. Valideynin uşağı dinləyərkən telefona baxması belə onda diqqətdən kənarda qalmaq hissi yarada bilər. Uşağa ekran qaydaları qoyuruqsa, özümüz də nümunə olmalıyıq.

10. Valideynlərə bu barədə tövsiyəniz nə olardı?

– Uşağın əlindən telefonu almaqla yanaşı, ona maraqlı alternativlər də təqdim edin. Birlikdə oynayın, gəzin, söhbət edin, kitab oxuyun. Uşağın həyatında canlı münasibətlər nə qədər zəngindirsə, ekranın hər boşluğu doldurmasına ehtiyac bir o qədər azalır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki