Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakı Mədəniyyət və Media Dialoqu Platformasının “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyası təşkil olunub.
Korrekt.az xəbər verir ki, sessiyanın moderatoru Əlisultan Sultan-zadə olub.
Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Sülh Sazişi imzalana, yaxud sadəcə kağız üzərində qala bilər.
Onun sözlərinə görə, saziş ölkələrin və insanların həyatına real töhfə verməlidir.
“Azərbaycan üçün 2023-cü ildə, çoxillik müharibədən sonra Sülh Sazişi ilə bağlı razılığa gəlmək asan deyildi. Prezident İlham Əliyev xoş məramını göstərdi. Sülh Sazişi Azərbaycan tərəfindən Ermənistana təqdim edilib, ilkin prinsipləri Azərbaycanda hazırlanıb. Vaşinqton sammitində Sülh Sazişi paraflandı. Daha sonra Azərbaycan sülh naminə vacib addımlar atdı”, – deyə H.Hacıyev qeyd edib.
Prezidentin köməkçisi vurğulayıb ki, sülh sazişi insanların həyatında müsbət dəyişikliklər yaratmalıdır.
“Azərbaycan Prezidenti İlham Əliyev bu təşəbbüslə çıxış edir. Düşünün, Azərbaycanın mədəni-tarixi abidələri 30 il ərzində dağıntılar altında qalıb, insanlar doğma yurdlarından köçkün düşüblər. Bütün bunların fonunda Prezident İlham Əliyev münaqişədən sonra da sülh təşəbbüsü ilə çıxış edib”, – deyə o bildirib.
H.Hacıyev Vaşinqton görüşündən sonrakı proseslərə də toxunaraq Azərbaycanın sazişdə nəzərdə tutulan bir sıra məsələləri artıq həyata keçirdiyini bildirib.
Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 27–29-da Bakıda keçiriləcək.





















