image-1backend

ARZUXAN ƏLİZADƏ NƏ BİRİNCİDİR, NƏ DƏ SONUNCU…- Deputat övladları ilə bağlı hansı qalmaqallar olub? + SİYAHI

image-ads-728x90

Mərhum deputat Fəzail Ağamalı övladları partiya sədri kürsüsü üstündə dava edəndə və oğlu mətbuatda atasına və bacısına qarşı çıxanda, Ağamalı bunu “bu, bir ata kimi mənim faciəmdir” demişdi. Ancaq ata kimi övladına görə faciə, yaxud ciddi “başağrısı” yaşayan deputat təkcə F.Ağamalı olmayıb…

Bu günlərdə medianın gündəmində Bakıdakı kafelərin birində deputat Arzuxan Əlizadənin oğlunun iştirakı ilə baş verən və ölümlə nəticələnən hadisə xüsusi yer tutub. Videogörüntüləri yayımlanan dava bir tərəfdən Azərbyacandakı kriminal durumu, gənclərin bu aləmə meylini artıran şərtləri – təhsili, ictimai və sosial mühiti, ailələrdəki problemləri və s. gündəmə gətirirsə, digər tərəfdən də millət vəkilləri və digər imtiyazlı şəxslərin övladlarının ətrafında indiyə qədər baş vermiş qalmaqalları yada salır…

Arzuxan Əlizadə övladının adı mediada müxtəlif xoşagəlməz əməllərdə, hətta cinayətlərdə hallanan heç də ilk deputat deyil (onun digər oğlunun hakim təyin edilməsi də mediada müzakirələrə səbəb olmuşdu).


 

Bu hadisə keçmişdə deputat övladları ilə bağlı baş vermis və böyük əks-səda doğurmuş digər hadisələri bir daha xatırlamağa əsas verir. “AzPolitika.info” həmin hadisələrin bəzilərini xatırladır:

1. Mərhum deputat Fəzail Ağamalının övladlarına qarşı böyük məbləğli kredit müqavilələrinə dair məhkəmə iddiaları. Eləcə də Ana Vətən Partiyasına sədrliklə bağlı məşhur qalmaqal.

 

2. Elmira Axundovanın oğlu Həbib Axundov: bir milyon manatdan artıq məbləğ üzrə uzunmüddətli məhkəmə mübahisəsi. Keçmiş deputatın oğlunun adı böyük məbləğli maliyyə mübahisəsi və dələduzluq işi ilə bağlı xəbərlərdə geniş yer almışdı.

 

Onun adı həmçinin, 26 iyun 2017-ci ildə Xəzər dənizinin Bilgəh qəsəbəsi ərazisində bu günə qədər sirri açılmayan ölüm hadisəsilə bağlı da hallanmışdı. Günel Mirzəyeva adlı gənc qızın müəmmalı ölümündə H.Axundovun əli olmasına dair mediada müxtəlif iddialar səsləndirilmişdi.

 

3. Deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlının cinayət işi: N.Məmmədovun Lerikdə yerləşən və deputata aid olduğu bildirilən “Relax” istirahət mərkəzində vergi yoxlaması aparan vergi əməkdaşlarını döydüyü barədə məlumatlar yayılmışdı.

Bu məsələ ilə bağlı cinayət işi açılmış, deputatın oğlu və daha 5 nəfər həbs olunmuşdu. Bir müddət sonra onlar məhkəmə qərarı ilə azadlığa buraxılmışdılar.

4. Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov: qanunsuz silah saxlama işi. 2020-ci ilin fevralında keçmiş deputat Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun saxlanılması barədə məlumat yayılmışdı.

 

Onun idarə etdiyi “BMW” markalı avtomobilə baxış keçirilərkən üzərindən/avtomobilindən “Glock-19” markalı tapança, patron daraqları aşkar edilərək götürülüb. Toğrul Əhmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.

5. Fərhad Qəribovun oğulları: bank kreditləri. Sabiq deputat və iş adamı Fərhad Qəribovun oğlu Elnur Qəribov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdı. 


Digər oğlu Zöhrab Qəribovunsa axtarışa verildiyi barədə məlumatlar yayılmışdı. Daha sonra onun banklardan külli miqdarda kredit götürdüyü və ödəmədiyi barədə mediada məlumatlar dərc edilmişdi. Bu işdə mərhum F.Qəribovun özünün də adı keçirdi. Onun övladlarından birinin həmin işlə bağlı məhkum olunduğu bildirilir.

6. Deputat Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov: bir milyon dollarlıq iddia.


2020-ci ilin martında deputat Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovun keçmiş biznes ortağı ona qarşı bir milyon ABŞ dolları məbləğində borc tələbi ilə məhkəməyə müraciət edib.

7. Sabiq deputat və Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmovla bağlı İspaniyadakı diplomatik və şərab biznesi qalmaqalı.

 


Anar Məhərrəmov Azərbaycanın İspaniyadakı səfiri olarkən, şərab biznesi ilə məşğul olması barədə məlumatlar və müzakirələr mediada geniş yer almışdı. O, 2021-ci ilin aprel ayında həmin ölkədəki səfir vəzifəsindən geri çağırılmışdı.

Bu siyahıya deputat Elman Nəsirovun, Qabil Salahzadənin, Hüseynbala Mirələmovun və adlarını sadalamadığımız bəzi digər deputatların övladları ilə bağlı qalmaqalları da aid etmək olar.

Bəzi keçmiş və indiki deputatların özlərinin və ailə üzvlərinin böyük bizneslərinin olduğu da heç kimə sirr deyil. Lakin Azərbaycanda deputatların əmlak bəyannaməsi və ailə üzvlərinin biznes fəaliyyəti haqqında məlumatlar qanunvericiliklə ictimaiyyətə tam açıq (reyestr şəklində) təqdim edilmədiyi üçün, bu cür siyahılar yalnız mətbuata sızan məlumatlara əsaslanır.

Arzuman Əlizadənin oğluna gəlincə, məlum olduğu kimi, məhkəmə onun 4 aylıq müddətinə həbs olunmasına qərar verib. Ancaq bu, əvvəldə qeyd etdiyimiz ki, deputat, yaxud məmur övladları ilə bağlı heç də ilk və yəqin ki, son qalmaqal deyil. Təəssüf ki, bu cür hadisələrdən kimsə sığortalanmayıb. Əsas olan odur ki, qanun vəzifəsindən, səlahiyyətindən, imtiyazlarından, bir sözlə, kimliyindən asılı omayaraq, hamıya və eyni dərəcədə şamil olunsun…“AzPolitika.info” 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki