Səudiyyə Ərəbistanı və Sinqapur 2027-ci ilin ikinci yarısından etibarən Səudiyyə neftinin Sinqapurda yerləşən yeraltı anbarlarda saxlanılması barədə razılığa gəliblər. Təşəbbüsün əsas məqsədi Yaxın Şərqdə mümkün böhranlar və tədarük fasilələri zamanı Cənub-Şərqi Asiyanın enerji təminatını gücləndirməkdir.
Korrekt.az xəbər verir ki, Sinqapurun Energetika, Ticarət və Sənaye Nazirliyinin açıqlamasına görə, tərəflər ölkədə neft anbarı yaradılması ilə bağlı niyyətlərini bəyan ediblər. Layihə çərçivəsində Səudiyyə Ərəbistanına məxsus neft Sinqapurun Juronq adasında yerləşən yeraltı neft anbarında saxlanılacaq. Saxlanma prosesinə 2027-ci ilin ikinci yarısında başlanması planlaşdırılır.
Nazirlik bildirib ki, layihə mümkün təchizat fasilələri zamanı Sinqapurun enerji ehtiyaclarının qarşılanmasına kömək edəcək və ölkənin enerji təhlükəsizliyini möhkəmləndirəcək. Eyni zamanda, təşəbbüs Səudiyyə Ərəbistanının Cənub-Şərqi Asiyadakı neft təchizatı zəncirinin etibarlılığını artıracaq.
Məlumata görə, oktyabrın əvvəlində Manilada keçirilən Asiya Sıfır Emissiya Birliyinin nazirlər görüşündə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ASEAN ölkələrinə enerji təhlükəsizliyinin gücləndirilməsi üçün dəstək verməyə hazır olduqlarını bildiriblər. Bu təşəbbüsdə Yaponiyanın da dəstəyi qeyd olunub.
Region ölkələrinin neft ehtiyatlarının məhdudluğu enerji təchizatında yaranan böhranlara qarşı həssaslığı artırır. Bu səbəbdən Cənub-Şərqi Asiya ölkələri Yaponiyanın tətbiq etdiyi modelə maraq göstərirlər. Həmin modelə əsasən, Yaponiya böhran zamanı nefti prioritet qaydada almaq hüququ müqabilində öz anbarlarını Yaxın Şərq ölkələrinin neft ixracatçılarına təqdim edir.
Səudiyyə Ərəbistanı ilə Sinqapur arasında planlaşdırılan razılaşma da regionda enerji ehtiyatlarının şaxələndirilməsi və mümkün təchizat böhranlarının təsirlərinin azaldılması istiqamətində mühüm addım kimi nəzərdən keçirilir.





















